Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 12:44:39
Rusiyada yüksək vəzifələrdə çalışan Azərbaycan ALİMLƏRİ

Müxtəlif  illərdə Azərbaycandan dünyanın bir çox yerlərinə beyin axını olub. Bunun də həm obyektiv, həm də subyektiv səbəbləri var. Kimi oxuduğu universitetin elmi potensialını məqbul görərək, orada qalıb, kimisi isə sonradan gələn sərfəli təklifi geri çevirməyərək, xarici ölkələrin elmi və təhsil müəssisələrinə işləməyə gedib.

Səbəbindən asılı olmayaraq, itirən isə Azərbaycan elmi və təhsili olub. Bu gün təkcə Rusiyada elmin müxtəlif sahələrində ad-san qazanan xeyli alimlərimiz var.

AzEDU.az bu gün onlardan, daha doğrusu, onların yalnız bir qismindən bəhs edəcək. Təbii ki, adlarını sadaladığımız alimlər siyahının heç bir faizi də deyil və biz yeri gəldikcə, digərlərini də təqdim edəcəyik.

Hələlik isə aşağıdakı alimləri diqqətə çatdıraq:

Kərimov Vaqif  - 1949-cu ildə Bakıda anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda ali təhsilini tamamlayaraq dağ mühəndis-geoloqu ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə doğma institutda mühəndis kimi başlayıb, 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra isə müəllim kimi davam etdirib. 1983-cü ildə “Geologiya, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” üzrə elmlər doktoru alimlik dərəcəsini qazanıb. 1986-1994-cü illər ərzində Geoloji kəşfiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.

Pedoqoji fəaliyyəti ilə yanaşı, Vaqif Kərimov 1989-1992-ci illərdə paralel olaraq, “İnkişaf” adlı Respublikalararası təsərrüfat assosiasiyasının (Moskva, Baku) prezidenti, Direktorlar şurasının sədri kimi fəaliyyət göstərib. Sonrakı illərdə Rusiyada yaşayan Kərimov “Morneft” QSC-nin vitse prezidenti “Orenburqneft” THK ASC-nin Baş direktorunun məslətəçisi, “Yamalneft” ASC-nin Moskva nümayəndəliyinin Baş direktoru (Moskva, 2003-2004) vəzifələrində işləyib. Pedoqoji fəaliyyətinin Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Nef və qaz kəşfiyyatının nəzəri əsasları” kafedrasının professoru kimi davam etdirib.

 2009-cu ildə həmin kafedranın müdiri vəzifəsinə seçilib. 

Professor Kərimov 140 dan çox elmi işin, o cümlədən 20 monoqrafiyanın, ali təhsil müəssisələrin vacib dərsliklərindən sayılan “Neft və qaz toplantılarının axtarışı və kəşfiyyatının nəzəri əsasları və metodları”, “Neftqazaxtarma və sənaye geologiyası”, “Ümumi və regional geotektonika”, “SSRİ-nin Geologiyası” kitablarının müəllifidir. 

Fəaliyyəti boyu saysız mükafatlar qazanan Vaqif Kərimov, həmçinin 1971 və 1977-ci illərdə Azərbaycan SSR Ali Sovetinin Fəxri diplomu, 1976-cı ildə “Qırmızı Əmək Bayrağı Ordeni”, 2016-cı ildə həmkarı Viktor Yermoliklə birgə yazdığı “Neft və qazın geologiyası və kimyası” adlı dərsliyə görə İ.M. Qubkin adına mükafata layiq görülmüşdür. Rusiya Federasiyası Dağ Elmləri Akademiyasının həqiqi üzvüdür; 

Ələkbərov Ümidvar  - 1951- ci ildə Lerik rayonunda anadan olub. O, 1974-cü ildə Nərimanov adına Tibb İnstitutunu bitirdikdən sonra, təyinatla Sabirabad rayon Mərkəzi xəstəxanasına göndərilib. Cərrah kimi fəaliyyətə başlasa da, bir neçə aydan sonra Leninqrada  köçür və fəaliyyətinin  Kirov rayonundakı 43 saylı poliklinkanın cərrahı vəzifəsində davam etdirir.

 1980-1982-ci illərdə  I Leninqrad Tibb institutunda ordinatura təhsili aldıqdan sonrakı 5 il ərzində 17 saylı xəstəxanada cərrah kimi fəaliyyət göstərmişdir. 1987-ci ildə professor İ. İ. Canelidze adına təcili yardın  ETİ-nun əvvəlcə Pankreatit sonra isə Şokogen zədəli xəstələrin müalicə şobəsində işləməyə başlayır.

Ümidvar Ələkbərov 1990-cı ildə “Sinənin və qarının şokla müşaiyət olunan torakobdominal yarası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Az sonra o, çalışdığı şöbənin müdiri vəzifəsinə təyin olunur. Lakin, 1992-ci ildə Qarabağ müharibəsinin qızğın mərhələsində, doğma Vətənində peşəkar həkimə böyük ehtiyac olduğunu anlayan həkim öz xahişi ilə işindən azad olunaraq, Bakıya gəlir. Ona dərhal kapitan hərbi rütbəsi verilir və Müdafiə Nazirliyinin Mərkəzi hospitalının Təxirəsalınmaz cərrahiyə şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Bir ay hospitalda, sonrakı ayı isə bütövlükdə döyüş xəttində əməliyyatlar aparmaq lazım gəlir. Bu cür həyat ritmi 3 il ərzində, ta atəş səsləri tam kəsilənə qədər davam elədi. 

Ümidvar Ələkbərov 1995-ci ildə yenidən Sankt-Peterburqa, əvvəliki iş yerinə qayıdır. 11 ay sıravi həkim kimi işləyir, sonra isə öz əvvəlki vəzifəsinə bərpa olunur.

2001-ci ildə “Sinə-qurşaq nahiyəsinin güllə yarasından müalicə taktikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edən azərbaycanlı həkim-alim 2002-ci ildən Təcili Yardım ETİ-nun Torakobdominal zədələr şöbəsinin rəhbəridir; 

Əliyev Məmməd - 1955-ci il 8 aprel tarixində Tacikistan Respublikasının Kurqan Tube rayonunda anadan olub. Həkim olmaq istəyi onu Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU) gətirib. Ali təhsilini 1979-cu ildə tamamlayıb və Bakıdakı Respublika klinik xəstəxanasında anestezioloq-reanimotoloq, travmotoloq-ortoped vəzifələrində çalışıb. 

1983-cü ildən Moskvadakı Pirorov adına Elmi Tibb Araşdırma Mərkəzinin aspiranturasında təhsil almağa başlayıb, tibb elmləri namizədi alimlik dərəcəsini qazandıqdan sonra, 1988-ci ildə Bakı Travmotologiya və Ortopediya institutunda  işləyib 

Məmməd Əliyev doktorluq dissertasiyasını 1990-cı ildə Moskvada Bloxin adına Onkologiya Mərkəzində müdafiə edir. Mərkəzin direktoru, akademik Nikolay Trapeznikov azərbaycanlı həkimə özünün rəhbərlik etdiyi klinikada işləməsini təklif edir. Təklifi qəbul edən Məmməd Əliyev həmin vaxtdan Moskvada fəaliyyət göstərməyə və yaşamağa başlayır. 

İstedadlı həkim 1999-cu ildə “Osteogen sarkomanın müalicəsinin yeni metodlarının işlənməsi və klinik praktikada tətbiqi” işinə görə Rusiyanın Elm və Texnika üzrə Dövlət Mükafatına layiq görülür. 2003-cü ildə Rusiya Tibb Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilən alim 500-ə qədər digər elmi iş və məqalənin, o cümlədən 6 monoqrafiyanın, 2 metodik vəsaitin, 5 kitabın, 7 ixtira və 6 səmərələşdirici təklifin müəllifidir. 

2009-cu ildə Məmməd Bağır Əliyevin təşəbbüsü ilə sarkomanın öyrənilməsi ilə məşğul olan Rusiya və digər ölkə alimlərindən ibarət Şərqi Avropa Qrupu (East-Eurapean Sarcoma Group) yaradılıb. 

Məmməd Bağır Əliyev hazırda Rusiya Tibb EA-nın Bloxin adına Onkologiya Mərkəzinin elm və müalicə işləri üzrə prorektoru,  eyni zamanda Uşaq onkologiyası və hemotologiya institutunun direktorudur. Rusiya Federasiyasının Əməkdar elm xadimidir. 

Fəali ictimai fəaliyyətlə məşğul olan alimimiz RF İctimai Palatasının üzvüdür. Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyətdə olduğu dövrdə təşkilatın prezidenti vəzifəsini icra etmişdir. Yeri gəlmişkən, ÜRAK-nin sədri vəzifəsinə məhz Məmməd Əliyevin seçilməsi təşəbbüsü Heydər Əliyevə məxsusdur. 

Əkbərov İmran - 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olunsa da respublika rəhbərliyinin göndərişi ilə ali təhsilini Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda davam etdirib. İnstitutdan sonra 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildə doğma instituta qayıdıb, pedoqoji və elmi fəaliyyətə başlayıb. İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib. 

1991-ci ildən İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru kimi çalışmağa başlayıb. Qeyd edək ki, bu ali təhsil müəssisəsi Rusiya Federasiyasının ilk özəl ali məktəblərdən biridir.

Hazırda İmran Əkbərov iqtisad elmləri doktoru, professordur. Onun elmi rəhbərliyi ilə 15 namizədlik, 2 doktorluq dissertasiyası müdafiə olunub. Son illər Rusiyanın cənub zonasında olan bir sıra ali məktəblərin birləşməsi nəticəsində yaradılan Cənubi Rusiya Universitetinin rektorudur. Rusiya üzrə ilk özəl ali məktəb lisenziyası alan universitet Krasnodar, Rostov, Stavropol, Volqoqrad, Vladiqafqaz şəhərlərini əhatə edir. Təhsil ocağının 25 mindən artıq tələbəsi, 5 min nəfərlik professor-müəllim heyəti vardır. 

Rusiya dövləti alimin xidmətlərini yüksək qiymətləndirib. İmran Əkbərov Rusiya Federasiyasının fəxri ali təhsil işçisidir. Respublikanın Təhsil və Elm Nazirliyi Akkreditasiya Kollegiyasının 33 üzvündən biridir. Kollegiyada Cənubi Rusiyanı təmsil edir. Eyni zamanda Rusiyanın Cənub Regionu Qeyri-Dövlət Təhsil Müəssisələri Mütəxəssisləri Regionlararası Assosiasiyasının prezidentidir. 

Behbudov Məhərrəm - 1960-cı il 8 iyun tarixində indiki Xocavənd rayonunun Qarakənd kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra “AzQaztikinti” trestinin Tikinti Montaj İdarəsində montajçı-çilingər kimi əmək fəaliyyətinə başlayıb. 1985-ci ildə Leninqradda Kalinin adına Politexnik İnstitutuna  (indi Sankt-Peterburq Dövlət Politexnik Universiteti)  qəbul olunub,  tikinti mühəndisi ixtisası üzrə təhsil alıb. 

1990-cı illərin əvvəlində, yəni Məhərrəm Behbudov universitet təhsilini başa vurduğu dövrdə qüdrətli SSRİ iqtisadiyyatının çökmə mərhələsi yenicə başlamışdı. Belə bir məqamda O, digər bir tərəfdaşı ilə birlikdə “Volneks” adlı şirkət yaratdı. Şirkətin əsas işi tikinti materiallarının satışını təşkil etmək idi. Lakin tikinti sahəsindəki biliyindən səmərəli istifadə etməyi bacaran Məhərrəm Behbudov satışla bərabər tikinti-quraşdırma işlərini də təşkil edir; 

Məhərrəm Behbudovun 1993-cü ildə yaratdığı və indiyəcən prezidenti olduğu “M-İndustriya” şirkəti  bu gün Sankt-Peterburqun 10 ən iri tikinti şirkətlərindən biridir. Soydaşımızın biznes sahəsində qazandığı uğurun təkanverici faktorlarından biri də onun tikinti işinə savadlı, elmi əsaslara söykənən münasibət göstərməsidir. Belə ki, o, biznes fəaliyyəti ilə yanaşı elmi bigilərini də artırmaqda israrlı olmuş, 1990-ci illərin əvvəlində öz ixtisası üzrə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini qazanmışdır. Lakin bunula kifayətlənməyən alim-biznesmen, iqtisadiyyatı mükəmməl öyrənməyə çalışır və tezliklə, yeni bir namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini də qazanır. Məhərrəm Behbudovun doktorluq dissertasiyası fəlsəfə sahəsində olub. 

Fəlsəfə üzrə elmlər doktoru, “M-İndustriya” tikinti şirkətinin prezidenti Məhərrəm Behbudov hazırda Sankt-Peterburqun nüfuzlu şəxslərindən biridir. Şəhərin inkişafına verdiyi töhfələrə görə çoxlu sayda mükafatlarla təltif edilib. Məsələn, 2003-cü ildə ona “Rusiya iqtisadiyyatının lideri” nişanı, 2004-cü ildə “Slava Rossii” ordeni, 2005-ci ildə Rusiya Prezidenti Vladimir Putinun imzasıyla saat, 2007-ci ildə “Zolotaya zvezda” ordeni  və digər onlarla mükafat təqdim edilib.