Astronomlar ilk dəfə Günəş sistemindən kənarda yerləşən bir planetdən gələn radio siqnallarını qeydə alıblar.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetinin tədqiqatçıları Yerdən təxminən 63,4 işıq ili uzaqlıqda yerləşən Beta Pictoris b planetindən radio siqnalları aşkarlayıblar.
Bununla da Beta Pictoris b birbaşa radio siqnalı qeydə alınan ilk ekzoplanet olub.
Tədqiqatçılar Cənubi Afrikadakı MeerKAT radio teleskopu ilə 2025 və 2026-cı illərdə apardıqları müşahidələr zamanı müxtəlif tezliklərdə sürətli və təkrarlanan radio siqnalları müəyyən ediblər. Aparılan araşdırma onların ulduzdan deyil, birbaşa planetdən gəldiyini göstərib.
Alimlərin sözlərinə görə, bu siqnalların yadplanetli həyatla əlaqəsi yoxdur. Siqnallar planetin ətrafındakı elektrik yüklü hissəciklərin onun atmosferi və maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan qütb işıqları ilə bağlıdır.
Müşahidələr planetin maqnit sahəsi haqqında da mühüm məlumat verib. Hesablamalara görə, Beta Pictoris b-nin maqnit sahəsi Yerin maqnit sahəsindən minlərlə dəfə güclüdür. Bu, ekzoplanetin maqnit sahəsinin ilk dəfə birbaşa müəyyən edilməsi hesab olunur.
2008-ci ildə kəşf edilən Beta Pictoris b-nin kütləsi Yupiterdən təxminən 10 dəfə böyükdür. Planet öz oxu ətrafında da çox sürətlə fırlanır və bir tam dövrünü təxminən 8-9 saata başa vurur.