Son günlər Sumqayıt Dövlət Universitetində (SDU) qiyabi təhsil üzrə tədrisin təşkili, o cümlədən tələbələrin əlavə fənn seçimi və imtahan sessiyalarının keçirilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər və iddialar yayılıb.
SDU haqqında yayılan iddialarla bağlı açıqlama verib. AzEdu.az açıqlamanı təqdim edir:
"Məsələ ilə bağlı bildiririk ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar universitetin rəsmi mövqeyini əks etdirmir və məsələnin hüquqi mahiyyətini tam əks etdirməyən yanaşmalara əsaslanır. Sözügedən iddialarla bağlı universitetə rəsmi qaydada hər hansı sual və ya informasiya sorğusu ünvanlanmayıb. Bu səbəbdən sosial şəbəkələrdə səsləndirilən fikirlərin universitetin mövqeyi və ya mövcud vəziyyətlə bağlı təsdiqlənmiş məlumat kimi təqdim edilməsi düzgün deyil.
SDU-da tədris prosesinin təşkili ənənəvi yanaşmalara deyil, qüvvədə olan qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə əsaslanır. Universitet üçün əsas meyar tələbələrin istəklərindən və əvvəlki illərin praktikasından asılı olmayaraq, təhsil prosesinin qanunvericiliyə uyğun, şəffaf və vahid qaydalar əsasında təşkil edilməsidir.
Əlavə fənnin seçilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının qiyabi təhsil üzrə kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.5-ci bəndinə əsasən, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Həmin Qaydaların 2.1.18-ci bəndində isə tədrisə tam cəlb olunma (fulltime) ixtisasın təhsil proqramı ilə müəyyən edilmiş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növü kimi müəyyən edilir".