Azedu.az

"Barselona"dakı azərbaycanlı - "Gədəbəydə çalışır, beynəlxalq konfranslara qatılırdım"

Elm və təhsil

Xarici təhsil

22 Sentyabr 2026, 12:42
"Barselona"dakı azərbaycanlı - "Gədəbəydə çalışır, beynəlxalq konfranslara qatılırdım"

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.

Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Qaliblərdən biri də Barselona Muxtar Universitetində (Universitat Autonoma de Barcelona) Geologiya ixtisası üzrə doktorantura təhsili alan Ərzuman Rizvanoğludur. 

AzEdu.az bu münasibətlə Ərzuman Rizvanoğlu ilə əlaqə saxlayıb.

189791

Geologiya sahəsini seçməyim təsadüf və ya topladığım balın nəticəsi deyil, uşaqlıq arzum və öz seçimim idi:

"Kürdəmir rayonunun Muğanlı kəndində anadan olmuşam. Doqquzillik təhsilimi kənd məktəbində başa vurduqdan sonra Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə oxumuşam, iki il onun yataqxanasında qalaraq oradan məzun olmuşam.

Təbiət elmlərinə marağım elə uşaqlıq illərimdən yaranıb. Məktəbli vaxtlarımda uşaq ensiklopediyalarını əlimdən yerə qoymazdım. Vulkan, okeanlar, yer qabığı və biosferlə bağlı mövzular diqqətimi həmişə cəlb edirdi. Əslində Kürdəmir deyəndə çoxunun ağlına quraqlıq ərazilər gəlir, lakin elə deyil. Həm də bizim kənddən Ağsu və Şamaxının dağları görünürdü və o mənzərə də məndə həmişə böyük maraq oyadırdı. Evdə böyük qardaşım coğrafiya dərslərini hazırlayanda onun kitablarını vərəqləyərdim.  Dağlara, maqmatizmə və təbiət proseslərinə sevgim məhz o səhifələrdən başlayıb.

Buna görə də geologiya sahəsini seçməyim təsadüf və ya topladığım balın nəticəsi deyil, uşaqlıq arzum və öz seçimim idi. İxtisas seçimi edərkən I qrup üzrə geologiya ilə bağlı bütün istiqamətləri ardıcıllıqla qeyd etdim və 2009-cu ildə 479 balla Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə daxil oldum.

2013-cü ildə bakalavr dərəcəsini bitirdim. O dövrdə magistratura üçün möhlət hüququ verilmədiyindən, əvvəlcə hərbi xidmət borcumu yerinə yetirdim. Xidməti başa vurduqdan sonra  2015-ci ildə imtahan verərək 84 bal topladım və elə öz sahəm üzrə, Faydalı qazıntı yataqlarının geologiyası ixtisası üzrə magistraturaya qəbul olundum. Təhsilimi uğurla tamamladıqdan sonra isə artıq xaricdə, ingilis dilində geologiya üzrə ixtisaslaşmaq istəyi yarandı".

Barselona şəhəri hələ Türkiyəyə getməmişdən əvvəl də mənim arzum idi:

"2018-ci ildə İstanbul Texniki Universitetinin Mədən fakültəsində geologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsinə qəbul olundum və iki il orada təhsil aldım. Təhsil aldığım müddətdə magistr tədqiqat işimi Azərbaycanla bağlı seçdim- Gədəbəydəki qızıl yataqlarının mənşəyini və yaranma xüsusiyyətlərini araşdırdım. İstanbulda olduğum dövrdə yalnız öz universitetimlə kifayətlənmədim, digər ali təhsil müəssisələrinə də gedərək əlavə fənlər keçdim və nadir tətbiq olunan tədqiqat üsullarını mənimsədim. Pandemiya səbəbindən məzuniyyət prosesi bir qədər uzansa da, 2020-ci ilin noyabrında təhsilimi uğurla başa vurdum. 2021-ci ilin yanvarından etibarən isə haqqında elmi tədqiqat işi yazdığım həmin sahədə - Gədəbəydə kəşfiyyat geoloqu kimi fəaliyyətə başladım və bu yaxınlaradək orada çalışdım.

189788

Bu günlərdə Dövlət Proqramının qalibi olduqdan sonra işimlə vidalaşmalı oldum, çünki tədris ili başlayan kimi İspaniyaya yola düşəcəyəm. Qazandığım təhsil imkanı İspaniyanın Barselona Universitetindədir. Əslində İspaniya və xüsusilə Barselona şəhəri hələ Türkiyəyə getməmişdən əvvəl də mənim arzum idi. Şəhərin özünəməxsus memarlığı və mühiti məni həmişə cəlb edirdi. Lakin o vaxtlar nə viza məsələləri indiki kimi əlçatan idi, nə də maliyyə imkanları tapmaq olurdu. Həmçinin, indiki kimi geniş imkanlar yaradan Dövlət Proqramı da yox idi. İndi isə bu arzum artıq reallığa çevrilir.

O vaxt Barselonada qəbul üçün razılıq da vermişdilər, ancaq maliyyə məsələlərinə görə oradan uzaqlaşıb,  Türkiyəni seçdim. Türkiyə o vaxtlar nisbətən ucuz idi. İndi isə orada da vəziyyət fərqlidir. 

O vaxtlar bir də mədəniyyət fərqi var idi. Evdən yeni ayrılmışdım və bu fərqliliklər mənə bir az qəribə, çətin gəlirdi. Nə də olsa, xarakterimin və şəxsiyyətimin formalaşdığı dövr kənddə keçmişdi deyə, o kənd mühitindən, oradakı yeməklərdən və davranışlardan tam ayrıla bilmirdim. Hərçənd, Bakıda təhsil almışdım, amma əsas kökümüz rayonda böyümüş bir insan kimi oraya bağlı idi. Bir sözlə, mədəniyyət məsələləri mənə təsir edirdi və düşünürdüm ki, Türkiyə mənə daha uyğun olar. Baxmayaraq ki, Türkiyədə də ingilis dilində təhsil almağa və dili öyrənməyə gedirdim, yenə də daxilimdə "başqa cəmiyyətdə necə danışacam, necə adaptasiya olacam" deyə dil qorxusu var idi. Buna görə də Türkiyə mənə daha cəlbedici görünürdü. İstanbulda yaşadığım dövrdə, əslində, özümü tam fərqli bir ölkədəymiş kimi hiss etmədim.

Sonradan İspaniyaya turist kimi gedib baxanda gördüm ki, orası mənə Türkiyədən də doğmadır. İnsanları, rahatlıqları və ümumi mühiti ilə həqiqətən də daha yaxın bir mühitdir.

Yemək məsələsinə gəlincə, bir az narahatlığım var. Əslində, 6 ilə yaxın bir müddətdə Gədəbəydə yaşamışam. Oranın təbii və dadlı yeməklərindən sonra, inanın ki, son bir ayı ancaq Gədəbəy mətbəxinə məxsus yeməklər yeyirəm və bilirəm ki, yeməkləri üçün çox darıxacağam".

Azərbaycanda, xüsusən də dağ regionlarımızda olan o təmiz və keyfiyyətli məhsulların dadını xaricdə almaq həqiqətən çətindir:

"Doktorantura təhsiliminin müddətinini  universitet ilkin olaraq minimum 2 il göstərib. Lakin doktoranturada 2 ilə məzun olmaq demək olar ki, qeyri-mümkündür. Professorun dediyinə görə, bu proses en azı 3-4 il çəkə bilər. Təbii ki, bu qədər müddətə İspaniyaya, Barselonaya getmək yemək baxımından da müəyyən çətinliklər yaradacaq. Ora getdikdə bizim o tanış dadları tapmaq üçün xeyli gəzməli olacağam. Xüsusilə kabab, döymə və bu kimi təamları orada eyni keyfiyyətdə tapmaq mümkün deyil. Azərbaycanda, xüsusən də dağ regionlarımızda olan o təmiz və keyfiyyətli məhsulların dadını xaricdə almaq həqiqətən çətindir.

189792

Xaricdə təhsil almaq istəyən gənclərə və şagirdlərə gəlincə, özüm də kənddə böyümüş və bu yollardan keçmiş bir insan kimi müəyyən tövsiyələrim var. Altı illik iş təcrübəm dövründə universitetlərdən yanımıza təcrübəyə tələbələr gəlirdi. Həmin gənclərlə ünsiyyətdə də hər zaman vurğulamışam: mütləq şəkildə xarici dil bilmək zəruridir. İndiki dövrdə xarici dil bilmək artıq bir üstünlük deyil, həyati ehtiyacdır. Xüsusilə xaricdə təhsil almaq istəyən hər bir gənc ingilis dilini mükəmməl öyrənməyə borcludur.

Əgər bir insanın xaricdə təhsil almağa maddi imkanı çatırsa, yaxud Dövlət Proqramı və ya universitetlərin fərdi təqaüdlərini qazanmaq şansı varsa, hər şeyi bir kənara qoyub təhsil almağa yönəlməsini tövsiyə edirəm.

Yeri gəlmişkən, Bakıda magistratura oxuduğum müddətdə Geologiya İnstitutunda çalışmışam. Orada müdirim mənə belə bir tövsiyə verdişdi: “Təhsil elə bir yatırımdır ki, tələbə məzun olan kimi ona çəkilən xərcləri dərhal geri qaytarmaya bilər. Təhsilin faydası hətta 50 il sonra da ortaya çıxa bilər, biz onun bəhrəsini anında görməyə bilərik”. Bu həqiqətən də belədir, təhsilə qoyulan sərmayə gələcəyə qoyulan en böyük yatırımdır". 

Ola bilər ki, insan yaxşı təhsil alsın, amma dərhal yüksək maaş qazanmasın:

"Lakin təhsilin insana verdiyi elə bir xoşbəxtlik, əhatə dairəsi və dünyagörüşü var ki, bunu turist kimi gəzməklə əldə etmək mümkün deyil; yalnız təhsil yolu ilə qazanmaq olar. Əgər kiçik də olsa bir şans varsa, hətta 6 aylıq belə olsa, mütləq xarici ölkələrdə, xüsusilə inkişaf etmiş dövlətlərdə təhsil almaq lazımdır.

Dövlət Proqramına müraciət etməyimə gəlincə, bu qərar bir neçə mərhələdən keçərək formalaşdı. Əslində Dövlət Proqramının ilk versiyası qəbul ediləndə mən artıq Türkiyədə təhsil alırdım. O vaxt ölkədən daha da uzağa getmək mənə o qədər də cəlbedici görünmürdü. Düşünürdüm ki, qayıdıb işləyərəm, ehtiyac olsa, doktorantura təhsilimi də elə burada tamamlayaram. Lakin elmi dərəcə almaq həmişə arzularımın bir hissəsi olub.

Sonra Gədəbəydə fəaliyyətə başladım və artıq üç il idi ki, orada çalışırdım. Bu müddətdə müxtəlif beynəlxalq konfranslara qatıldım. Mütəxəssis kimi formalaşdıqdan sonra, eləcə də xaricdən qonaqlar və mütəxəssislər gələndə öz potensialımı, peşəkar fərqliliyimi yaxşı mənada göstərə bildiyimi hiss etdim. 
Magistraturanı bitirsəm də, hər zaman elmi məqalələr, kitablar oxumuşam, təhsilimi sadəcə magistr pilləsi ilə bitmiş saymamışam. Hər bir məsələnin akademik tərəflərini araşdırırdım. 

O vaxt İstanbulda təhsil alarkən müəllimimin mənə verdiyi bir məsləhəti var idi: "Harasa oxumağa gedirsinizsə, olduğunuz yerin keyfiyyətindən daha üstün bir yerə gedin". Məsələn, bu gün Azərbaycandakı universitetin reytinqi 500-cü yerlərdədirsə, xaricə gedəndə 400-cü, 300-cü və ya 200-cü yerlərdə olan ali məktəblərə yönəlin ki, çəkdiyiniz əziyyətə dəysin, yeni şeylər öyrənə biləsiniz".

Doktorantura üçün hazır olduğumu hiss edirdim:

"Bu məsləhətlərin işığında anladım ki, həm maliyyə məsələlərini təmin etmək, həm də akademik baxımdan irəliləmək üçün bu yolları keçmək lazımdır. Özümdə doktorantura üçün hazır olduğumu hiss edirdim  həm praktiki təcrübəm var idi, həm də nəzəri biliklərim qaydasında idi.

Lakin proses kifayət qədər uzun və çətin oldu. Keçən il müraciət etmək istəsəm də, ingilis dili səviyyəsi (C1 tələbi) çatışmırdı və imtahanı vaxtında çatdıra bilmədim. Ona görə keçən il proses yarımçıq qaldı. Bu il də bir neçə dəfə imtahanlara qeydiyyatdan keçdim hətta sertifikatı sənəd qəbulunun son gününə bir-iki gün qalmış əldə edə bildim və digər sənədləri toplayıb təqdim etdim.

Xüsusilə universitetlərlə bağlı prosedurlar çox vaxt apardı. Doktorantura tələblərinə görə, yerli ali təhsil müəssisəsi ilə müqavilə bağlamalı idik ki, təhsildən sonra qayıdıb 5 il orada dərs deyək. Bunun üçün hələ fevral ayından müraciətlər etmişdik. Elm və Təhsil Nazirliyi bizi dinləməli, planlarımıza baxmalı və rəy verməli idi. Bu, ən azı 3 aylıq böyük bir marafon oldu".

Təxminən 20 günlük intensiv axtarışdan sonra məhz öz sahəmə uyğun bu mütəxəssisi tapdım və razılıq aldım:

"İspaniyanı və Barselona Universitetini seçməyimə gəlincə, birinci növbədə ölkə seçimini reallaşdırdım  hansı ki, bu barədə Dövlət Proqramının müsahibə mərhələsində də mənə sual vermişdilər. 

Amerika, Böyük Britaniya kimi ölkələrdə də geologiya sahəsi üzrə güclü təhsil var. Lakin mənim öyrənmək istədiyim xüsusi ixtisaslaşma, analiz və tədqiqat üsulları var ki, dünyada bu metodları bilən mütəxəssislərin sayı çox azdır. Mən məhz həmin istiqamətdə aparılan elmi araşdırmaları axtarırdım.

Alimlərin məqalələrini paylaşdığı xüsusi elmi bazalarda müəlliflərin işlərini ardıcıl olaraq oxuyurdum. Axtarışlar zamanı İspaniya variantının üzərində daha çox dayandım. Həm universitetin reytinqi yüksək olmalı idi, həm də orada çalışan müəllimlərin məqalələri mənim maraq dairəmə uyğun gəlməli idi. Araşdırmalarım nəticəsində Barselona şəhərində yerləşən  ali məktəbə  Barselona Universitetinə diqqət yetirdim.

189789

Həmin təhsil müəssisələrində mənim tədqiqat aparmaq istədiyim sahəyə uyğun gələn iki professor tapdım və hər ikisi ilə eyni vaxtda əlaqə saxladım. Onlardan biri kifayət qədər yaşlı bir müəllim idi. O qeyd etdi ki, artıq doktorantlara rəhbərlik edəcək gücdə deyil və ona böyük ümid bəsləməyim doğru olmaz.

Hazırda məni qəbul edən digər professor isə təklifimə çox müsbət yanaşdı və birlikdə yeni tədqiqat işi apara biləcəyimizi bildirdi. Hətta müraciət məktubumu Bakı vaxtı ilə gecə saat 1-də göndərmişdim. Səhər duranda gördüm ki, artıq cavab yazıb və axşam görüşə biləcəyimizi qeyd edib. Mən tədqiqat materiallarımı ona göndərdim. Elə həmin axşam onlayn görüş keçirdik və o, mənə rəsmi razılıq məktubunu təqdim etdi.

Bu axtarışlar 2024-cü ildə baş verdi. Həmin vaxt məzuniyyətdə idim, evdə doktorantura təhsili almaq və Dövlət Proqramına müraciət etmək barədə qəti qərarımı vermişdim. Təxminən 20 günlük intensiv axtarışdan sonra məhz öz sahəmə uyğun bu mütəxəssisi tapdım və razılıq aldım. Ondan sonra isə Dövlət Proqramının tələblərinə uyğun olaraq növbəti addımları atmağa başladıq".

Putin üçün əsl cəhənnəm başlayır - Sərhəddə yeni müharibə
Son xəbərlərDaha çox