https://www.zirve.edu.az/
28.04.2018 16:13
Bakı məktəblərində akademik Zərifə Əliyevanın 95 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji kollektivləri və şagirdlər iştirak ediblər.

Anım tədbirlərində Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummili lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Tədbirlərdə şagirdlər tərəfindən şeirlər, atalar sözləri, dahilərin ana barədə müdrik kəlamları səsləndirilib, mahnılar ifa edilib. Akademik Zərifə Əliyevaya həsr edilən sənədli filmlər nümayiş olunub, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

Həmçinin, bəzi paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Zərifə Əliyevanın anım günü ilə bağlı Fəxri Xiyabana ziyarətləri təşkil olunub.