Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-26 13:42:00
Şagirdlər arasında sərbəst güləş üzrə respublika birinciliyi keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib.

AzEDU.az xəbər verir ki, birinciliyin keçirilməsində məqsəd uşaq-gənclər arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri aşkar edib yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.

Qusar Olimpiya İdman Kompleksində təşkil edilən, 9-11, 12-14 yaşlı oğlanlar arasında komanda və şəxsi xarakter daşıyan birinciliyə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərindən 40 komanda, 480 idmançı qatılıb.

Gərgin mübarizə şəraitində keçən yarışda 9-11 yaşlı güləşçilər arasında I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutub. 12-14 yaşlı idmançılar arasında isə I yeri “Təhsil” RİM-in Gəncə şəhər 1 nömrəli UGİM-nin, II yeri “Təhsil” RİM-in 5 nömrəli ROEUGİM-nin, III yeri isə “Təhsil” RİM-in 1 nömrəli RİOEUGİM-nin komandaları tutub.

Qaliblər kubok və diplomlarla təltif edilib.