https://www.zirve.edu.az/
10.04.2018 13:47
Hazırlıq kurslarında müəmma - Sual kitabçaları niyə verilmir?

Sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən hazırlıq kurslarıyla bağlı məlumatlar yayılıb. Məlumatlarda bəzi abituriyentlərə hazırlıq kurslarının bir çoxunda sınaq imtahanlarından sonra sual kitabçalarının verilmədiyini bildirilir. İddia edilir ki, kurslar növbəti imtahanlarda sualları təkrar etmək üçün bu addımı atırlar.

Məsələ ilə bağlı AzEDU.az-a danışan tarix elmləri doktoru, tələbə qəbulu sahəsində tarix fənni üzrə ekspertlərdən olan Kərəm Məmmədov bildirib ki, abituriyentlər hazırlıq kurslarının yox, Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaqlarda iştirak etməlidirlər:

“Mən başa düşə bilmirəm ki, valideynlər övladlarını kursların təşkil etdiyi sınağa niyə göndərirlər?! Onları kim məcbur edir ki, kursda imtahan verərək aldadılsınlar? Dövlət İmtahan Mərkəzi istər sınaq, istər qəbul imtahanlarından sonra sual kitabçalarını açıq şəkildə abituriyentlərə təqdim edir. Mərkəz tərəfindən sınaq imtahanları yüksək səviyyədə təşkil olunur.

Mən evimdən iş yerimə gələnə qədər ən azı 20-30  hazırlıq kursu görürəm. Bizim millətdə bir xüsusiyyət var, bir şey 5 manat ucuz olan kimi ora qaçırlar. Əgər sınaq imtahanı üçün abituriyentdən pul alınırsansa, deməli, kitabçanı abituriyentə verməlisən!”.

1497673698_1.jpg

Kərəm Məmmədovun sözlərinə görə, hazırlıq kurslarının  sual kitabçasını verməməyinin 3 əsas səbəbi var:

“Birincisi, kurs  abituriyentə düzgün savad verə bilmir deyə, bu yolla işini ört-basdır edir. İkincisi, tərtib edilən suallarda qüsurlar  var. Üçüncüsü isə növbəti sınaq imtahanlarında təkrar sualların əlavə edilə bilməsi üçün kitabça kurs tərəfindən gizlədilir”.

Hansı kurslarda sual kitabçalarının verilməməsi xəbərini dəqiqləşdirmək üçün paytaxta fəaliyyət göstərən bir neçə hazırlıq kursu ilə əlaqə saxlasaq da, məlumatın doğruluğunu təsdiq edən olmadı.

Qafqaz” hazırlıq kursunun məsul işçisi Əlvi İbrahimov sınaq imtahanlarından sonra kitabçaların abituriyentlərə paylanıldığını qeyd edib:

“Kurs tərəfindən hər ay sınaq imtahanı keçirilir. İmtahanda  iştirak edən hər kəs imtahandan sonra sual kitabçasını əldə edir. Yalnız müəllimlərin işə qəbulu zamanı onlara kitabçalar təqdim olunmur. Bunun da səbəbi  sualların növbəti illərdə redaktə olunaraq təkrar salına bilmə ehtimalıdır. Dövlət İmtahan Mərkəzi də magistr imtahanlarında sual kitabçasını tələbələrə vermir.

Bu illərdir davam edən prosesdir. Abituriyent ödəniş edir və sual kitabçasını almaq onun haqqıdır. Bunun qarşılığında imtahanda iştirak etmədən də kitabçasını götürə bilər. Bu həmin abituriyentin şəxsi işidir. Nəzərə almaq lazımdır ki, biz sualların hazırlanmasından tutmuş kitabçanın çapına qədər hər şeyə pul ödəyirik. Bunlar göz nuru, əl əməyi tələb edən məsələlərdir”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları