Azedu.az

Universitetlərdə süni intellektinin tədrisində ciddi yanlışlıq - Professordan irad  

Ali təhsil

23 Sentyabr 2026, 09:16
Universitetlərdə süni intellektinin tədrisində ciddi yanlışlıq - Professordan irad  

Süni intellekt dövrü artıq başlayıb və bu texnologiya əmək bazarından tutmuş təhsilə qədər bir çox sahədə yeni ixtisas və bacarıqlara tələbatı formalaşdırır. Azərbaycanda bir sıra universitetlər magistratura səviyyəsində süni intellekt və data elmi istiqamətində kadr hazırlığı həyata keçirirlər. Lakin bakalavriat səviyyəsində süni intellekt üzrə ayrıca ixtisasın olmaması diqqət çəkir.

Bəs süni intellekt üzrə kadr hazırlığına magistratura mərhələsində başlanması kifayət edirmi? Universitetlərdə bu istiqamət üzrə bakalavr ixtisasının yaradılmasına ehtiyac varmı?

Mövzu ilə AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, əslində, bunu xaricdən və Azərbaycanda süni intellekt üzrə kadr hazırlayan universitetlərdən tələb kimi qoymalıyıq:

"Onlara deməliyik ki, süni intellekt üzrə mütəxəssis hazırlayın. Azərbaycanda mövcud kadrların yenidən hazırlanmasına o qədər də ehtiyac yoxdur. Əlbəttə, istər süni intellekt, istərsə də innovativ iqtisadiyyat baxımından bütün dünya dəyişib. Artıq söhbət təkcə mühəndisdən getmir. Mühəndis süni intellektlə yanaşı, biznes qaydalarını da bilməli, multidissiplinar çərçivədə hazırlanmalıdır. Artıq çox dərin ixtisaslaşmalar gedir və insan bir neçə sahəni bilməyə məcburdur. Bioiqtisadiyyat, kimya iqtisadiyyatı, fizika iqtisadiyyatı kimi yeni iqtisadiyyatlar ortaya çıxıb.

İlk növbədə biz baxmalıyıq ki, süni intellekt üzrə dərs deyən kimdir? Onun özü süni intellekt üzrə mütəxəssisdirmi? Bu, sovet dövründə ateizmdən dərs deyən şəxslərin sonradan politologiya üzrə professor olmasına bənzəyir. Əcəba, bu dərsi deyənlər kimlərdir? Onların süni intellekt üzrə diplomları varmı, ixtisasları buna uyğundurmu? Mühəndis olmayan şəxs necə mühəndislikdən dərs deyə bilər? Əlbəttə, bunlar çox vacib məsələlərdir və sistemli şəkildə nəzərdən keçirilməlidir.

Şirkətlər də bu prosesdə maraqlı olmalıdır. Azərbaycanda hazırda süni intellekt və innovasiya istiqamətində ayrı-ayrılıqda bir çox qurum fəaliyyət göstərir. Bu qurumlar universitetlərlə, onların rəhbərliyi ilə əməkdaşlıq etməlidir. Sadəcə, memorandum imzalamaq, kağız üzərində razılaşma əldə etmək kifayət deyil. Bu əməkdaşlıq real şəkildə həyata keçirilməlidir. Bakıda keçirilən innovasiya festivalında iştirak etdim və orada gördüm ki, süni intellekt istiqamətində çoxlu gənclərimiz var. Sadəcə onların işləməsi lazımdır. İşləmək, işləmək, işləmək. Qurmaq, işləmək və elmi irəli aparmaq lazımdır.

Əslində, bunların hamısı olmalıdır. Hətta təhsilin daha erkən pillələrindən başlanılmalıdır. Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu, hamıya lazımdır. Avropada, Yaponiyada, Çində, Fransada bu istiqamətdə müxtəlif təcrübələr mövcuddur. Yeni velosiped icad etməyə ehtiyac yoxdur. Həmin ölkələrdə əldə olunmuş uğurları öyrənərək Azərbaycan reallığına uyğunlaşdırıb həyata keçirmək lazımdır".

Biz həmişə hansısa təcrübələri götürürük, amma sonra həmin təcrübələrin özümüzə uyğun şəkildə həyata keçirilməsi məsələsində problem yaşayırıq:

"Halbuki uğurlu təcrübələr var. Məsələn, Finlandiya və Estoniya kimi kiçik ölkələrin əldə etdiyi nəticələrə baxmaq lazımdır. Bu təcrübələr sistemli şəkildə öyrənilməli və tətbiq imkanları araşdırılmalıdır.

Süni intellekt fakültəsi yaradılarsa, burada, əlbəttə, riyaziyyat və digər texniki fənlər tədris olunmalıdır. Lakin insanları yalnız texniki baxımdan yetişdirmək düzgün deyil. İnsanlar həm də humanitar cəhətdən savadlı olmalıdırlar. Məsələn, biznesi yaxşı öyrənmək üçün ədəbiyyat oxumağın vacibliyi haqqında yanaşmalar var. Ədəbiyyatı bilməyən insan mükəmməl biznes mütəxəssisi ola bilməz. Bu yanaşma ABŞ-da və Oksford kimi universitetlərdə də tətbiq olunur.

Ona görə də süni intellekt deyəndə yalnız texniki hissəni nəzərdə tutmamalıyıq. Humanitar istiqamət də burada mühüm yer tutur. Çünki hər şey insana söykənir. Bütün məqsəd insana xidmət etməkdir. İnsana xidmət edən texnologiyanın inkişaf etdirilməsi əsas hədəf olmalıdır. Xarici universitetlərin təcrübəsindən danışarkən isə ilk növbədə Finlandiya və Estoniyanı qeyd edərdim. Bu kiçik ölkələrdə tətbiqlər çox güclüdür. Niderlandın da bu sahədə böyük təcrübəsi var. Biz həmin ölkələrin təcrübələrini öyrənməli və öz reallığımıza uyğun şəkildə tətbiq etməliyik".

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox