https://www.zirve.edu.az/
28.03.2019 16:05
İngiltərədə oxumaq istəyənlər üçün zəruri məlumatlar – Xaricdə təhsil bələdçisi  
Çap et

İngiltərə dünyanın ən gözəl ölkələrindən biridir. Çoxlarını bu ölkənin üstünlükləri, tələbələrə verdiyi şərtlər maraqlandırır.

AzEdu.az İngiltərədə təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir: İngiltərədə ali təhsil bakalavr, magistratura və doktorantura dərəcələrinə bölünür. Ölkədə 165-ə yaxın universitet fəaliyyət göstərir. Ali məktəblər tədrisin təşkilində sərbəstdirlər.

İngiltərədə bakalavr və magistr təhsili almaq istəyənlərin dil səviyyələri yüksək olmalıdır. Orada təhsil almaq istəyən tələbələrdən minimum IELTS balı 6.0, TOEFL isə 80 tələb olunur. TOEFL və ya IELTS imtahan sertifikatı olmayan tələbələr “Foundation” proqramından keçərək İngiltərədə təhsil ala bilərlər.

Amma bəzi məşhur universitetlər “Foundation” proqramına qəbul apardığı zaman TOEFL və ya IELTS imtahanın nəticəsini də tələb edir. Universitet nəzdində fəaliyyət göstərən “Foundation” proqramları adətən TOEFL və ya IELTS imtahanlarının nəticəsini tələb edir. Universitetdən kənar fəaliyyət göstərən proqramlar isə belə bir tələb irəli sürmür. İndi isə ən məşhur universitetləri barədə: Böyük Britaniyanın ən məşhur universitetlərindən biri Oksford Universitetidir. Universitetin əsası XII əsrdə qoyulub. Bu universitet ingilis dilli ölkələrin arasında ən qədim ali təhsil müəssisəsidir. Oxford Universiteti Harry Potter filmindən sonra daha da məşhurlaşaraq tanındı. Onu da qeyd edək ki, universitet Londonun şimal-qərbindən 90 dəqiqəlik məsafədə yerləşir. “University of Southampton” Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Universitet İngiltərənin cənubunda yerləşir. Öz parkları, bağları ilə məşhur olan “University of Southampton” həm də “Green city” adını daşıyır.

Mançester Universiteti İngiltərənin şimal-qərb bölgəsində yerləşən ən böyük ali təhsil müəssisəsidir. Ali təhsil müəssisəsi dünya elminə verdiyi töhfələri ilə tanınır. Mançester Universitetinin bu günə qədər 25 Nobel mükafatçısı olub.Ali təhsil müəssisəsi Dünya Universitetlər siyahısında 40-cı yerdədir.

“University College of London” dünyanın top-10 ali təhsil müəssisələrindən biridir. Bu universitet həm də dünyanın ən böyük axtarış-tədqiqat mərkəzlərindən sayılır. Universitetin əsas kampusu Qover və Qordon küçələrində yerləşir. Lakin Londonun bütün ərazisində universitetin binaları mövcuddur. Ali təhsil müəssisəsinin əsas kampusunun ərazisində "Euston meydanı", "Uorren küçəsi", "Rassel meydanı" və "Quc küçəsi" metro stansiyaları var. Kampusun ətrafında Britaniya Kitabxanası və muzeyi, Kral İncəsənət Akademiyası, Britaniya Tibb Assosiasiyası, London Universiteti, Təhsil İnstitutu kimi məşhur müəssisələr yerləşir. Kingston Universiteti İngiltərənin nüfuzlu ali təhsil müəssisələrindən biridir. Ali təhsil müəssisəsinin əsası 1899-cu ildə qoyulub. Universitet Londonun cənub qərbində yerləşir. Həmçinin, Kingston Universiteti dövlət tədqiqat ali təhsil müəssisəsidir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları