https://www.zirve.edu.az/
07.04.2018 10:34
“Vətəndaş elmi” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Vətəndaş elmi” kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru institutun şöbə müdiri, dosent Əlövsət Əliyevdir.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, institutun elmi şurasının qərarı ilə çap olunan kitabda vətəndaş və informasiya cəmiyyətlərinin formalaşması məsələləri, bu cəmiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilən, elektron elmin inkişafının yeni istiqaməti kimi formalaşan vətəndaş elminin məqsədləri, mahiyyəti, xarakterik xüsusiyyətləri və qabaqcıl vətəndaş elmi layihələri tədqiq edilib. Vətəndaş elminin formalaşması və inkişafında müasir informasiya texnologiyaları və sosial medianın rolu araşdırılıb, onun elektron elmlə qarşılıqlı əlaqəsi göstərilib.

Nəşrdə tədqiqatların nəticəsi kimi vətəndaş elmi layihələrinin sosial, humanitar, təbiət, coğrafiya, ətraf mühitin tədqiqi, astronomiya elmlərində, proqram vasitələrinin inkişafında müvəffəqiyyətlə tətbiq olunduğu göstərilir.

Qeyd edək ki, “Vətəndaş elmi” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.