Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 09:18:00
Xaricdəki  tələbəmiz  holland  universitetini  tanıdır: ”Burada Hamı velosipedlə gəzir”

“Tilburq Universitetinin kampusunda meşə, göl, çəmənlik də var. Universitetin kampusunun təbiəti zəngin olması  buraya  gələn tələbələrin də əhvalını yüksəldir”.

Bunu AzEdu.az-a müsahibəsində  Niderlandda  oxuyan gənc  soydaşımız  Səbuhi Osmanov deyir.

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar  daha əsaslı olur. Bir  sözlə, universiteti başqası yox, onun öz tələbəsi daha yaxşı tanıdır.

“Tələbə tanıdır” rubrikasında bu dəfə Niderlandın Tilburq  Universitetində təhsil alan Səbuhi Osmanov universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

Səbuhi Osmanov  hazırda Tilburq  Universitetində  iqtisadiyyat  ixtisası üzrə magistr təhsili alır.

Öncə, Səbuhinin oxuduğu universitet haqqında ümumi məlumat:

Tilburq Universiteti Niderlandın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin  əsası 1927-ci ildə qoyulub.

Yaxşısı budur, universitet haqqında Səbuhi özü bizə məlumat versin:

Tilburq Universiteti Niderlandda ən keyfiyyətli ali təhsil müəssisələrindən biridir”- deyən Səbuhi bəh-bəhlə bu barədə danışır:

“Tilburq Universiteti Niderlandın cənubundakı Tilburq şəhərində yerləşir.  Beynəlxalq aləmdə Tilburq Universiteti daha çox iqtisadiyyat, biznes, psixologiya və hüquq təhsili ilə tanınır. Əcnəbi tələbələr universitetə bakalavr təhsili üçün müraciət etdikləri zaman  ingilis dili sertifikatını tələb edirlər. Tilburq Universitetində  magistr səviyyəsində təhsil almaq istəyənlər   isə bakalavr diplomu, ingilis dili və  GRE beynəlxalq imtahanın sertifikatını təqdim etməlidirlər. Ümumiyyətlə,  Tilburq Universitetinə müraciət forması (application) sadə şəkildədir və bildiyim qədəri ilə ödəniş  tələb olunmur. Burada təhsil haqqı isə Hollandiya, Avropa İttifaqına (Aİ) üzv və digər ölkələrin vətəndaşı olmağınızdan asılı olaraq dəyişir.

Ümumiyyətlə, universitetin yerləşdiyi Tilburq  tələbə şəhərciyidir. Hollandiyada əksər insanlar ingilis dilində sərbəst danışdığına görə,  hollandca öyrənməyə ehtiyac qalmır. Burada kiçikdən-böyüyə qədər əksər insanlar gündəlik velosipeddən istifadə edir. Buna səbəb isə həm çevrəyə diqqət ayıraraq sağlam həyat tərzi sürmək, həm də bütün ölkə ərazisində xüsusi olaraq qırmızı velosiped yollarının olmasıdır. Tilburq şəhərinin mərkəzində velosipedinizi saxlaya biləcəyiniz xüsusi böyük park yeri var.  Eyni zamanda, universitet kampusunda bunun üçün yüksək şərait də yaradılıb.

Səbuhi bildirib ki, Tilburq Universitetinin kampusu çox böyük olsa  da amma  dərs binaları bir-birilərinə yaxındır:

“Tilburq Universitetinin kampusunda meşə, göl, çəmənlik də var. Universitetin kampusunun təbiəti zəngin olması  buraya  gələn tələbələrin də əhvalını yüksəldir. Təbii ki, asudə zamanlarımızda belə kampusu kəşf edib xoş vaxt keçirə bilirik. Tilburq Universitetinin kitabxanası kompüterlərlə təchiz olunub. Burada kitabxanalarda  bir çox yerlər ehtiyat  sistemi ilə işləyir.   

Kampus  ətrafında yeməkxana, kiçik “fast food” restoranları , supermarket və s. kimi  yerlər var.  Amma bəzi tələbələr yeməklərini özləri ilə gətirərək  istər yeməkxanada, istərsə də dərs binalarında yeyə bilirlər. 

Ümumiyyətlə,  Tilburq Universitetində oxumaq böyük bir şansdır. Burada təhsil almaqla həm əcnəbi və yerli dostlar qazanaraq çevrənizi genişləndirə, həm də aktiv tələbə cəmiyyətlərinə qoşularaq təcrübə qazana bilərsiz”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları