Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-04 16:50:00
Bakı Ali Neft Məktəbi Gənclər Gününü qeyd etdi - FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-ın professor-müəllim heyəti, administrativ heyəti və tələbələri iştirak ediblər. 

AzEdu.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb və BANM gənclərinin timsalında bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib. Rektor qeyd edib ki, dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və o gündən sonra hər il Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. O həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramı həyata keçirilir, bölgələrdə Gənclər Mərkəzi yaradılır, gənclərin dünyaya inteqrasıya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verilir.  “Dövlətimizin ənənələrinə sadiq qalaraq BANM da hər il bu günü böyük auditoriya ilə qeyd edir.”-deyə rektor Elmar Qasımov bildirib.  

TədbirdəPrezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək öz ürək sözlərini gənclərə çatdırıb, onları ölkəmizin inkişafı naminə sosial-ictimai fəaliyyətdə aktiv iştirak etməyə səsləyiblər.

Rektor Elmar Qasımov Gənclər Gününə həsr edilmiş tədbirdə Ali Məktəbin inkişafına verdiyi töhfələrə görə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədova və  Ali Məktəbin tələbələrinin elmi-sosial inkişafına verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərova BANM-ın Fəxri diplomunu təqdim edib.

Bakı Ali Neft Məktəbinin məzunları adından 2018-ci il “Neft-qaz mühəndisliyi” ixtisasının məzunu, BP-də Ətraf mühit əməliyyatları üzrə mühəndis  Mehriban Əliyeva da tədbirdə çıxış edərək, gəncləri təbrik edib və öz uğur hekayəsini onlarla bölüşüb.

Gənclər Günü münasibətilə keçirilən tədbirdə etdikləri ixtiraya görə “İlin ixtirası” adına layiq görülən Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı - “ClimateLaunchpad”-ın Azərbaycan üzrə qalibi olmuş, Şotlandiyanın Edinburq şəhərində Azərbaycanı  təmsil etmiş və Respublika İnnovasiya müsabiqəsində 1-ci yer tutaraq 5000 manat mükafata layiq görülmüş “ThermoNorth” layihəsinin rəhbəri və üzvləri təltif olunublar. Rektor Elmar Qasımov tərəfindən komanda rəhbəri, BANM-ın dosenti Əmir Rza Vəxşuriyə BANM-ın diplomu, komanda üzvləri – BANM-ın tələbələrinə isə sertifikatlar təqdim olunub.

Tədbirdə həmçinin, Gənclər və İdman Nazirliyi və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının seçim turlarında Ali Məktəbi uğurla təmsil edərək 1, 2, 3, 4-cü yerləri qazanmış və ölkəmizi Taylandda keçirilən Dünya Robot Olimpiadasında təmsil edən  BANM-ın “Robo Sapiens” komandasının rəhbəri, BANM-ın baş müəllimi Abbas Əlili BANM-ın diplomu, komanda üzvləri - tələbələr isə sertifikatlarla təltif olunublar.

Rektor Elmar Qasımov Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Anar Bədəlbəyliyə ictimai, sosial işlərdə fəallığı, nümunəvi davranışı və Ali Məktəbin fəaliyyətində aktiv iştirakına görə “İlin tələbəsi” elan edib və onu Ali Məktəbin Diplomu ilə təltif edib.

Bundan başqa, “CanSat Azerbaijan” 2018 müsabiqəsindən Azərbaycan üzrə 2-ci yeri əldə etmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  təşkil etdiyi “İdeya var” Gənclərin Ümumrespublika elmi-yaradıcılıq festivalında “İlin layihəsi” adını qazanmış “İstehsalat sularından litiumun ayrılması” layihəsinin üzvləri  , eləcə də il ərzində ölkənin və Ali Məktəbin sosial həyatında aktiv iştirak etmiş, uğurlar əldə etmiş digər tələbələr sertifikatlar və mükafatlarla təltif olunublar.

Tədbir bədii konsert proqramı ilə yekunlaşıb.