Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 10:55:06
4 ölkənin arxeoloqları Azərbaycandakı kurqanlarda qazıntı işləri aparacaq

İtaliyanın Florensiya şəhərində “Kurqanların qurulması: Qafqaz, şimal-qərbi İran və şərqi Anadoluda kurqanlar və dəfn adətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AzEDU Azərtac-a istinadən xəbər verir ki, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin və Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Zaur Həsənov və Bəxtiyar Cəlilov təmsil ediblər.

Bəxtiyar Cəlilov “Azərbaycanın iki kurqanı: Uzun Rəmədən (Goranboy) olan insan qalıqlarının təhlili” mövzusunda məruzəsində Azərbaycanın ilk tunc dövrü kurqanaltı sərdabələrinin tipoloji təsnifatı və dəfn adətləri haqqında konfrans iştirakçılarına geniş məlumat verib. Məruzədə əksini tapan arxeometrik tədqiqatların, o cümlədən kurqanlarda aşkar edilmiş insan qalıqlarının antropoloji analizinin nəticələri avropalı mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.

1522744056996240546_1000x669.jpg

Zaur Həsənov isə “İlk dəmir dövrü Cənubi Qafqazın Şərq hissəsinin kurqanlarında iki fərqli dəfn adəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Mingəçevir kurqanları və Ağcabədidə tədqiq edilən “Kiçik” kurqanda Qara dənizin şimal sahilboyu çölləri iskitlərinin, Xocalı qəbiristanlığının üç “Böyük Torpaq” kurqanlarında isə Aral dənizi hövzəsində yaşayan sakların dəfn adətləri öyrənilib.

Beynəlxalq konfransdan sonra ölkəmizdə arxeoloji araşdırmalar aparacaq Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası (ekspedisiyanın tərkibi İtaliya, Almaniya, Fransa, Türkiyə və Azərbaycan mütəxəssislərindən ibarətdir) üzvlərinin toplantısı keçirilib. Toplantıda Azərbaycan tərəfindən Bəxtiyar Cəlilov və Zaur Həsənov iştirak ediblər. Müzakirələrin sonunda bu ilin iyununda beynəlxalq ekspedisiya tərəfindən Azərbaycan ərazisindəki kurqan abidələrində arxeoloji qazıntı işlərinə başlanılması ilə bağlı qərar qəbul edilib. Aparılacaq arxeoloji qazıntılardan əldə edilən nümunələrin dünyanın qabaqcıl laboratoriyalarında analiz edilməsi və elmi nəticələrin iştirakçı mütəxəssislərin həmmüəllifliyi ilə nüfuzlu elmi jurnallarda və nəşrlərdə dərci nəzərdə tutulur.