“Szeged Universitetinin yerləşdiyi yer tələbə şəhərciyidir. Çünki, burada hər küçədə tələbələrə rast gəlmək mümkündür”.
Bunu AzEdu.az-a müsahibəsində Macarıstanda oxuyan gənc soydaşımız Sabit Namazov deyir.
Son illər gənclərin xaricdə təhsil almağa marağı daha da artıb.
Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər.
Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.
Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur. Bir sözlə, universiteti başqası yox, onun öz tələbəsi daha yaxşı tanıdır.
“Tələbə tanıdır” rubrikasında bu dəfə Macarıstanın Szeged Universitetində təhsil alan Sabit Namazov universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:
Sabit Namazov hazırda Szeged Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alır.
Öncə, Sabitin oxuduğu universitet haqqında ümumi məlumat:
Universitet Macarıstanın üçüncü ən böyük şəhəri sayılan Szegeddə yerləşir. Müxtəlif reytinq cədvəllərinə əsasən Szeged Universiteti ölkənin ən yaxşı ali təhsil müəssisələrindən hesab edilir. Szeged Universiteti həm də Mərkəzi Avropanın ən qabaqcıl ali təhsil ocaqlarından biridir. Ali təhsil müəssisəsinin əsası isə 1581-ci ildə qoyulub.
Szeged Universiteti elm və texnologiya aləminə bir neçə dahi şəxslər bəxş edib. Onların arasında Nobel mükafatını qazanan, C vitaminini kəşf edən və fiziologiya üzrə bir neçə kəşflərə imza atan AlbertSzent-Georgi də vardır.
Yaxşısı budur, universitet haqqında Sabit özü bizə məlumat versin:
“Szeged Universitetinin kitabxanasında dərs oxumaq üçün mükəmməl şərait var”-deyən Sabit bu barədə bəh-bəhlə danışır:
“Szeged Universitetində müxtəlif fakültələr var. Burada fakültələr ayrı-ayrı korpusdadır. Universitetin yerləşdiyi Szeged şəhəri bir növ tələbə şəhərciyidir. Çünki, burada hər küçədə tələbələrə rast gəlmək mümkündür. Szeged Universitetinin kitabxanası çox zəngin və böyükdür. Burada kitabxanalarda dərs oxumaq üçün mükəmməl şərait var.
“Stipendium Hungaricum” adlı təqaüd proqramı ilə burada təhsil almaq mümkündür. Təqaüd miqdarı tələbələrə iki formada təklif olunur. Birinci formaya 130 avro, yataqxana, tibbi sığorta, ikinciyə isə 260 avro, tibbi sığorta daxildir. Tələbələr hər iki təkliflərdən birini seçərək təqaüd alır”.
Sabit bildirib ki, Szeged Universitetində imtahan prosesi müəllimlərin təyin etdiyi formada olur:
“SzegedUniversitetində müxtəlif ölkələrdən gələn tələbələr təhsil alır. Burada ən çox təhsil alan tələbələr isəAzərbaycan, Çin, Monqolustan,ərəb ölkələrindəngələnlərdir.Çünki, təqaüd əsasən inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub.
Szeged Universitetində semestr üzrə qiymətləndirmə də müəllimin təyin etdiyi forma da olur. İmtahanlarda suallar bəzən test, bəzəndə yazılı olur.
Universitetin yataqxana şəraiti qənaətbəxşdir. Amma burada yataqxana şəhərin mərkəzindən bir az uzaqda yerləşir.
Ölkənin hər yerində tələbələr üçün endirimlər olur. Məsələn: aylıq nəqliyyat kartı tələbələrə 50% endirimlə satılır. Macarıstanın bir çox restoran və kafelərində də tələbələrə endirimlər edilir.
Szeged Universitetində tələbələrin qarşılaşdığı ümumi çətinlik yoxdur”.
kitabı