Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində 2025-ci ildə ümumi və tam orta təhsil səviyyələrini başa vuran şagirdlərin təhsilə davamiyyəti və buraxılış imtahanlarında iştirakı ilə bağlı statistik məlumatlar açıqlanıb.
AzEdu.az-ın jurnalın 12-ci nömrəsindən əldə etdiyi məlumata görə, DİM ölkə üzrə buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan şagirdlərin sayını və tərkibini, imtahanlarda uğur qazananların növbəti təhsil pillələrindəki vəziyyətini, eləcə də 9-cu və 11-ci sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya haqqında məlumat olmayan şəxslərin sayını araşdırıb.
Araşdırma zamanı 2025-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələrini bitirən şagirdlərin təhsilə davamiyyəti, bilik səviyyəsi və bu göstəricilərdəki dəyişikliklərin dinamikası müqayisəli şəkildə təhlil edilib.
Məlumata əsasən, 2025-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2014-cü ildə 1-ci sinfə qəbul olunanlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin il 1-ci sinfə daxil olan şagirdlərin sayı 146 062 nəfər olub.
Bundan əlavə, 2023-cü ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 144 875 nəfər təşkil edib. Buraya hərbi liseylər və digər nazirliklərin tabeliyində olan təhsil müəssisələrini bitirən 217 nəfər də əlavə olunub.
Həmin il 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanında faktiki olaraq 143 406 şagird iştirak edib. Beləliklə, 1 469 şagird buraxılış imtahanında müxtəlif səbəblərdən iştirak etməyib.
DİM-in apardığı təhlilə görə, 2014-cü ildə 1-ci sinfə qəbul olunan 146 062 şagirdin təxminən 0,8 faizi ümumi orta təhsil səviyyəsini başa çatdırmayıb və onların sonrakı təhsili barədə heç bir məlumat yoxdur.