Azedu.az

"Mənim gözümdə təhsildən uca heç nə yoxdur" - Mançester Universitetinə qəbul alan GƏNC

Xaricdə təhsil

4 Avqust 2026, 10:13
"Mənim gözümdə təhsildən uca heç nə yoxdur" - Mançester Universitetinə qəbul alan GƏNC

Bakı Dövlət Universitetinin biologiya ixtisası üzrə məzunu Həsənova Ayşə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançester Universitetində (The University of Manchester) biologiya elmləri (Biological Sciences) üzrə magistratura təhsili almaq hüququ qazanıb.

AzEdu.az-a danışan Ayşə Həsənova bildirib ki, xaricdə təhsil üçün yalnız IELTS imtahanında iştirak edib və 7.5 bal toplayıb.

Onun sözlərinə görə, ingilis dili biliyi əvvəlcədən olduğu üçün imtahana hazırlıq təxminən iki ay yarım çəkib:

“Hazırlıq mərhələsində sənədləşmə ilə bağlı bəzi təbii çətinliklər istisna olmaqla, ciddi problemlə qarşılaşmadım.

Uzaqda olmaq və yeni mühitə uyğunlaşmaq mövzusunda hər kəs kimi mən də müəyyən həyəcan və qorxu hiss edirəm. Amma qorxulara baxmayaraq addım atmaq və cəsarətli olmaq lazımdır".

Ayşə Həsənova biologiyaya marağının uşaqlıq illərindən formalaşdığını deyib. O bildirib ki, ikinci-üçüncü siniflərdən biologiya ensiklopediyaları oxuyub və gələcəyini bu sahədə görüb:

“Valideynlərim həkim olmağımı istəsələr də, mən həmişə tədqiqatçı olmağı arzulamışam. Bu yolda davam etdiyim üçün çox şadam.

Gücləri çatan hər şeyi etsinlər. Mənim gözümdə təhsildən uca bir şey yoxdur. İstər maddi çətinlik, istər əziyyət, istərsə də yuxusuzluq olsun, təhsil uğrunda bunların hamısına dəyər".

Gələcək planlarından da danışan gənc bildirib ki, magistratura ilə kifayətlənmək niyyətində deyil:

“Mütləq doktorantura pilləsində də təhsilimi davam etdirmək istəyirəm. Məqsədim mümkün qədər yüksək ixtisaslaşmaq və qazandığım bilik və təcrübə ilə Azərbaycanda yeniliklər tətbiq edə bilməkdir".

Ayşə Həsənova Dövlət Proqramının təqdim etdiyi imkanları da yüksək qiymətləndirib.

O qeyd edib ki, Böyük Britaniyada təhsil və yaşayış xərcləri kifayət qədər yüksəkdir və proqram bu baxımdan tələbələr üçün böyük dəstəkdir:

“Dövlət Proqramı təhsil haqqından tutmuş aylıq yaşayış xərclərinə qədər bütün əsas xərcləri qarşılayır. Ən önəmlisi isə təhlükəsizlik hissidir. Həm mən, həm də valideynlərim arxayınıq ki, dövlətin diqqəti və qayğısı altındayıq".

Azərbaycanda vəzifəli şəxslər həbs edildi
Son xəbərlərDaha çox