İmtahan marafonu geridə qaldı, lakin abituriyentlərin və valideynlərin həyəcan dolu gözləntiləri, eləcə də gələcək talelərini müəyyənləşdirəcək ən məsuliyyətli mərhələ ixtisas seçimi günləri artıq başlanmaq üzrədir. Bu ərəfədə hər kəsi düşündürən tək bir sual var "Həyatımın növbəti mərhələsi üçün hansı yolu seçməliyəm?" Qərarın doğruluğu təkcə bir universitet diplomu deyil, həm də gələcək illərdəki peşəkar xoşbəxtlik və cəmiyyətə veriləcək töhfə deməkdir.
Abituriyentlərə bu həssas və qərarverici yolda dəstək olmaq, onlara doğru istiqamət göstərmək məqsədilə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tövsiyələrini bölüşüb və seçim prosesində hər bir gəncin özünə verməli olduğu 3 həlledici sualı qeyd edib
AzEdu.az rektorun tövsiyələrini təqdim edir:
"Əziz abituriyentlər!
İxtisas seçimi sadəcə universitetə qəbul olmaq deyil. Bu, gələcəyinizə, karyeranıza və həyat yolunuza istiqamət verən ən mühüm qərarlardan biridir. Buna görə də seçiminizi yalnız keçid balına, dəbə çevrilmiş ixtisaslara və ya başqalarının tövsiyələrinə əsasən deyil, öz maraqlarınıza, bacarıqlarınıza və gələcək hədəflərinizə uyğun edin.
Dünya sürətlə dəyişir. Süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar əmək bazarını yenidən formalaşdırır.
Bunun ən bariz nümunələrindən biri Çindir. Son illərdə Çin universitetlərində əmək bazarının tələblərinə cavab verməyən 12 mindən çox bakalavr proqramı ləğv edilib və ya həmin proqramlara qəbul dayandırılıb. Eyni zamanda süni intellekt, robototexnika, böyük verilənlər (Big Data), yarımkeçirici texnologiyalar və digər gələcəyin sahələri üzrə minlərlə yeni proqram yaradılıb.
Digər uğurlu nümunə Almaniyadır. Burada universitetlər və sənaye müəssisələri uzun illərdir sıx əməkdaşlıq edir. Dual təhsil modeli sayəsində tələbələr universitetdə oxuyarkən müəssisələrdə praktiki təcrübə qazanır, təhsil proqramları isə əmək bazarının tələblərinə uyğun mütəmadi yenilənir. Nəticədə məzunların əmək bazarına uyğunlaşması daha sürətli və uğurlu olur.
Bu nümunələr bütün dünya üçün mühüm mesajdır: təhsil dəyişən dövrün tələblərinə uyğun inkişaf etməli, universitetlər isə gələcəyin bacarıqlarını formalaşdırmalıdır.
Lakin bu, yalnız texniki ixtisasların uğurlu olduğu anlamına gəlmir. Həkim, müəllim, iqtisadçı, mühəndis, aqronom, filoloq, psixoloq, rəssam və digər bütün peşələr cəmiyyət üçün əvəzsizdir. Əsas məsələ seçdiyiniz sahədə yüksək peşəkarlıq qazanmaq, yeniliklərə açıq olmaq və daim öz üzərinizdə işləməkdir.
Bugünkü dünyada uğurun əsas şərtləri bunlardır:
Seçdiyiniz sahə üzrə dərin bilik və peşəkarlıq;
Xarici dilləri öyrənmək;
Rəqəmsal və süni intellekt bacarıqlarına yiyələnmək;
Analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək;
Ömürboyu öyrənməyi həyat tərzinə çevirmək.
İxtisas seçərkən özünüzə bu üç sualı verin:
• Mən bu sahəni həqiqətən sevirəmmi?
• Bu sahədə uzun illər inkişaf etməyə hazırammı?
• Bu peşə ilə cəmiyyətə və ölkəmə hansı dəyəri qata bilərəm?
Unutmayın, gələcəyin qalibi sadəcə diplom sahibi olan deyil, bilik və bacarıqlarını daim yeniləyən, dəyişən dünyaya uyğunlaşan və öyrənməkdən heç vaxt vaz keçməyən insandır.
Bu gün verəcəyiniz qərar sabah quracağınız həyatın təməlidir. Seçiminizi düşünərək edin, çünki doğru seçilmiş ixtisas yalnız peşə deyil, həm də uğurlu və mənalı həyatın başlanğıcıdır.
Bütün abituriyentlərə düzgün seçim, uğurlu tələbə həyatı və parlaq gələcək arzulayıram".