Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 150 ballıq ixtisasların siyahısına yeni istiqamətlər əlavə olundu. Bundan sonra subbakalavrlar kütləvi şəkildə etiraz edərək bildiriblər ki, məhz həmin 150 ballıq ixtisaslar əvvəllər yalnız onların seçim edə bildiyi istiqamətlər idi.
Onların sözlərinə görə, bu dəyişiklik subbakalavrların ali məktəbə qəbulunu daha da çətinləşdirib.
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Vüsət Əzizov qeyd edib ki,
"Dünən Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin açıqladığı yeni qərarlar və bəzi dəyişikliklər ixtisas seçiminə sayılı günlər qaldığı bir vaxtda subbakalavrların narazılığına səbəb olub. Çünki I və II ixtisas qrupları üzrə bəzi yeni ixtisasların 150 ballıq ixtisasların siyahısına əlavə edilməsi subbakalavrların (xüsusilə II ixtisas qrupu üzrə) ali təhsil müəssisələrinə imtahansız qəbul şansını azaltdı.
Subbakalavrların narahatlığını başa düşmək olar. Çünki əvvəllər əsasən onların üstünlük əldə etdiyi bəzi ixtisaslara artıq 150 bal və daha yuxarı bal toplayan abituriyentlər də müraciət edə biləcəklər. Bu isə həmin ixtisaslar üzrə rəqabətin artmasına və keçid ballarının yüksəlməsinə səbəb ola bilər. Sosial şəbəkələrdə subbakalavrlar kütləvi şəkildə bu qərarın ani şəkildə qəbul edilməsinə öz narazılıqlarını bildirir və onların tələbi bu qərarın növbəti ildən tətbiq edilməsidi. Çünki onlar hesab edirlər ki, 100 ballıq şkala üzrə 90 və daha yüksək nəticə göstərmələrinə baxmayaraq ali təhsil müəssisəsinə qəbul ola bilməmək ehtimalı ədalətsizlikdir".
Qəbul sisteminin əsas prinsiplərindən biri bərabər rəqabət mühitinin təmin edilməsidir:
"Əgər müəyyən ixtisaslar bütün namizədlər üçün açılırsa, burada məqsəd daha hazırlıqlı namizədlərin seçilməsinə şərait yaratmaqdır. Lakin bu proses həyata keçirilərkən subbakalavrların maraqları da nəzərə alınmalıdır.
Düşünürəm ki, bu dəyişikliklərin real təsirini qəbulun yekun nəticələri açıqlandıqdan sonra qiymətləndirmək daha düzgün olar. Əgər statistik göstəricilər subbakalavrların ali təhsilə qəbul imkanlarının ciddi şəkildə azaldığını ortaya qoyarsa, o zaman onlar üçün ayrıca qəbul mexanizmlərinin və ya müəyyən kvota və güzəştlərin tətbiqi müzakirə edilə bilər.
Əsas məqsəd həm abituriyentlər, həm də subbakalavrlar üçün ədalətli və şəffaf qəbul mühitinin qorunması olmalıdır".