2024-2026-cı illərdə peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində 9 iqtisadi rayonda ümumilikdə 46 yeni emalatxana istifadəyə verilib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, yeni yaradılan emalatxanaların ən böyük hissəsi Bakı, Mil-Muğan və Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür. Belə ki, Bakıda 9, Mil-Muğanda 7, Quba-Xaçmazda isə 7 yeni emalatxana yaradılıb.
Bununla yanaşı, Mərkəzi Aran iqtisadi rayonunda 6, Şirvan-Salyanda 4, Qarabağda 4, Şəki-Zaqatalada 4, Gəncə-Daşkəsəndə 3, Abşeron-Xızı iqtisadi rayonunda isə 2 yeni emalatxana istifadəyə verilib.
Qeyd edək ki, yeni emalatxanaların yaradılması peşə təhsili alan tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, müasir istehsal mühitinə uyğun təlim şəraitinin formalaşdırılması və əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına xidmət edir.