Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 17:24:00
ADMİU diplomçularının “Bremen musiqiçiləri” tamaşası nümayiş olunub

Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bremen musiqiçiləri” adlı diplom tamaşası nümayiş olunub.

Universitetdən AzEdu.az-a verilən məlumata görə Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, səs rejisoru Aygül Quliyeva, işıq rejissoru Vadim Kuskovdur. Kursun rəhbəri Əməkdar artist Vidadi Həsənov, səhnə danışığı müəllimi dosent Kəmalə Mehdiyevadır. 
Tamaşada 1969-cu ildə Qrimm qardaşlarının nağılı əsasında çəkilmiş məşhur sovet cizgi filminin musiqilərindən istifadə olunub. 

Tamaşada Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisasının 4-cü kurs tələbələri Seymur Xudiyev, Nəzrin Əliyeva, Kamil Nazim, Elvin Bəxtiyarlı, Nicat Qurbanzadə, Raksana İmir, Aytac Məmmədova, İmdad Tofiqoğlu, Aytac Quliyeva və Azad Şabanov, eləcə də, Gənc Tamaşaçılar Teatrının aktyorları çıxış ediblər. 

İmtahanda ADMİU-nun rektoru professor Ceyran Mahmudova, prorektorlar Məryəm Əlizadə, Gülşən Gəngərli, Teatr sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova, Musiqili teatr aktyoru kafedrasının müdiri Xalq artisti, professor İlham Namiq Kamal, Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, Səhnə danışığı kafedrasının müdiri Əməkdar artist, dosent Azad Şükürov, Dram rejissoru kafedrasının müdiri dosent Sevda Teymurova, universitetin professor-müəllim heyəti, tələbələri və sıravi tamaşaçılar iştirak edib.

İki gəncin saf sevgisindən, dostluqdan və xeyirin şər üzərində qələbəsindən bəhs edən dinamik nağıl-tamaşa həm tamaşaçılar, həm də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb.