Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 11:45:00
Məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi yekunlaşdı

IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi başa çatıb. 545 şagirdin qatıldığı bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilən olimpiadada ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri biliklərini sınayıb. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 20-30 sual təqdim olunub. Test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilib.

Şəhər və rayon mərhələsinin nəticələri olimpiadaların keçirildiyi vaxtdan 10 gün müddətində muxtar respublika təşkilat komitəsi tərəfindən elan ediləcək. Nəticəyə əsasən, hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan 3 şagird muxtar respublika mərhələsinin yekun turuna vəsiqə qazanacaq.

İki mərhələdən ibarət olan fənn olimpiadasının muxtar respublika mərhələsi fevralın 12-də keçiriləcək.

Olimpiadaların muxtar respublika mərhələsinin qalibləri təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.