Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlarda iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat 18-29 iyun tarixlərində aparılacaq.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, qeydiyyat təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə həyata keçiriləcək.
Abituriyentlər istiqamətlərdən yalnız birinin Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçə bilərlər. İstiqamətlər üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları artıq nəşr olunub. Ümumi (9 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün də qeydiyyat 18 – 29 iyun tarixlərində aparılacaq.
"Abituriyent" jurnalının xüsusi buraxılışlarında qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.
Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.