Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bu münasibətlə rektorlar da öz sosial media hesablarında tələbələri və həmkarlarını təbrik ediblər. Onlar bu təbriklərdə səmimi arzularını ifadə ediblər.
AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:
"Əziz UNEC ailəsi,
Hər birinizi Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, davamlı və bol-bol uğurlar arzulayıram. Qurban Bayramı yalnız dini-mənəvi dəyərlərin təcəssümü deyil, eyni zamanda humanizm, sosial həmrəylik mədəniyyətini gücləndirən mühüm mənəvi institutdur. Bu əlamətdar günlərin UNEC ailəsində qarşılıqlı hörmət və etimadın daha da möhkəmləndirməsini, hər birinizin ailəsinə sevinc, əmin-amanlıq və daxili rahatlıq bəxş etməsini arzu edirəm. Ulu Tanrı hər birinizin dualarını, kəsdiyiniz qurbanları qəbul etsin.
Bayramınız mübarək!
Hər şey daha da yaxşı olacaq!"

Mingəçevir Dövlət universitetinin (MDU) rektoru Anar Eminov:
"Hörmətli Mingəçevir Dövlət Universitetinin akademik-inzibati heyəti, tələbə və magistrantları, eləcə də dəyərli məzunlarımız!
Sizi müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Milli-mənəvi dəyərlərimizin təntənəsi olan Qurban bayramı cəmiyyətimizdə həmrəylik, mərhəmət və paylaşma ənənələrini daha da gücləndirir. Arzu edirəm ki, bu mübarək günlər hər birinizin həyatına sevinc, firavanlıq və mənəvi rahatlıq gətirsin.
Qurban bayramınız mübarək olsun!"

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:
"Əziz Həmvətənlər!
Qurban bayramınız mübarək olsun.
Allah kəsdiyiniz qurbanları, etdiyiniz duaları qəbul etsin
İnşAllah".

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev:
"Paylaşma bayramınız mübarək!
“Qurban” sözü ərəb dilindən gəlir və “yaxınlaşmaq”, “Allaha yaxın olmaq” mənasını verir. İslamda qurban insanın Allah sevgisini, itaətini və paylaşma ruhunu göstərən ibadətdir.
Qurban Bayramı insanların ehtiyacı olanlarla paylaşmasını, yardımlaşmasını və birlik-bərabərliyini ifadə edir".

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev:
"Müqəddəs Qurban bayramı münasibətilə BDU kollektivini və xalqımızı təbrik edir, hər kəsə möhkəm sağlamlıq, firavanlıq və bol ruzi-bərəkət arzulayıram.
Allah dualarınızı qəbul eləsin!
Bayramınız mübarək!"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov:
"Bayramınız mübarək!"

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:
"Qarabağ Universiteti ailəsinin dəyərli üzvləri! Hörmətli əməkdaşlar! Əziz tələbələr! Hörmətli tərəfdaşlar!
Sizi humanizm, mərhəmət və paylaşma kimi mənəvi dəyərləri tərənnüm edən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımızı çatdırırıq!
Qurban bayramınız mübarək olsun!"
