https://www.zirve.edu.az/
22.01.2019 11:40
Buraxılışlar üçün sınaq niyə keçirilmir? – Yalnız bu mənbədən faydalanın  

2019-cu ildə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ənənəvi formada sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur.

Buraxılış imtahanı modelində ənənəvi sınaqların isə ümumiyyətlə, keçirilməsi planlaşdırılmır. 

Bunlar abituriyentlər və müəllimlər arasında narazılığa səbəb olub. Onlar yeni qaydalarla təşkil olunacaq imtahanlara uyğun sınaqların bir neçə dəfə keçirilməsinin tərəfdarıdırlar.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, fevralın 10-da keçiriləcək imtahan yeni model qəbul imtahanına uyğun üçüncü sınaqdır.

Məlumatda qeyd olunur ki, imtahanlar ali təhsil müəssisələri və məktəblərdə tədris prosesinə mane olmamaq üçün həftə sonları keçirilir. DİM tərəfindən təşkil olunan ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, qəbul imtahanları (iki şans), eləcə də digər müxtəlif təyinatlı imtahanlar və onların kütləvi xarakteri kağız daşyıcılar vasitəsilə əlavə sınaq imtahanlarının keçirilməsini məhdudlaşdırır.

Bu səbəbdən də yeni model əsasında buraxılış imtahanlarına uyğun ənənəvi sınaq imtahanınınvə qəbul modelinə uyğun bir neçə ənənəvi sınağın keçirilməsi planlaşdırılmır.

Lakin DİM tərəfindən mütəmadi olaraq onlayn sınaq imtahanları keçirilir. Abituriyentlər http://otk.az portalı vasitəsilə onlayn sınaq imtahanlarında iştirak edə bilərlər.

Xatırladaq ki, qəbul imtahanlarının həm I, həm də II mərhələsinə aid yeni sual paketləri portala yerləşdiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları