https://www.zirve.edu.az/
01.04.2018 10:13
Ehtiyacı olan ailələrə hər ay təhsil yardımı ediləcək

Ailə və Sosial Siyasətlər Nazirliyi ilə Milli Təhsil Nazirliyi arasında protokol çərçivəsində Türkiyə miqyasında “Şərtli Təhsil Yardım Proqramı” tətbiq olunub.

AzEDU xəbər verir ki, proqram əsasında ehtiyacı olan ailələrə uşaqlarını, mütəmadi, məktəbə göndərmələri şərtilə hər ay təhsil yardımı ediləcək. Bu, Sosial Yardım və Həmrəyliyə Təşviq Fondu tərəfindən qarşılanır. 2003-2017-ci illər ərzində göstərilən yardımın ümumi miqdarının 5 milyard 881 milyon lirə olduğu bildirilib. Təkcə 2017-ci ildə isə yardım 477 milyon 39 min 700 lirə olub.

Qeyd edək ki, məktəbəqədər təhsilə cəlb olunan qız uşaqlarının orta təhsilə keçid faizini artırmaq məqsədilə verilən yardım məbləğinin oğlan uşaqlarına ayrılan puldan daha yüksək olduğu bildirilib. İbtidai təhsilə davam edən qız uşaqlarına aylıq 40 lirə (17 AZN), oğlan uşaqlarına 35 lirə (15 AZN) yardım göstərilir. Orta təhsildə isə bu yardım qızlara 60 lirə (26 AZN ), oğlanlara isə 50 (22 AZN) lirə olmaqla hesablanır.

Əsmər Qabil