Bu il buraxılış imtahanlarında 300 bal toplayanlar arasında hazırlığa, repetitora getmədən bu nəticəni əldə edən şagirdlər var. Lakin cəmiyyətdə onlara qarşı deyilən fikirlər ondan ibarətdir ki, bu mümkün deyil və belə hallar mifdir.
Bu fikri səsləndirənlərin əksəriyyəti elə imtahan verən şagirdlərdir. Repetitorsuz yüksək nəticə toplayan şagirdlər bəzi digər şagirdlərdə müəyyən qıcıq yaradır. Maraqlıdır, onların “hazırlıqsız 300 bal mümkün deyil” demələrinin arxasında əsas səbəb qısqanclıq amili ola bilərmi?
AzEdu.az-a mövzu ilə bağlı psixoloq Nizami Orucov danışıb.

Psixoloq qeyd edib ki, “hazırlıqsız 300 bal mümkün deyil” demək çox vaxt “mən bacarmadım” həqiqəti ilə üzləşməmək üçün seçilən bir izahdır:
“Bu reaksiyanı yalnız “qısqanclıq”la izah etmək bir qədər sadələşdirmə olar, amma qısqanclıq burada rol oynaya bilər. Əslində bu düşüncənin arxasında bir neçə psixoloji mexanizm dayanır. İlk olaraq, bu, özünü qoruma mexanizmidir. Şagird yüksək nəticə əldə edə bilmədikdə, “hazırlıqsız 300 bal mümkün deyil” deməklə sanki öz nəticəsini izah edir və daxili gərginliyi azaldır. Bu, “mən bacarmadım” düşüncəsi ilə üzləşməkdənsə, “onsuz da bu real deyil” deməkdir.
İkinci məqam sosial müqayisədir. İnsanlar özlərini başqaları ilə müqayisə etdikdə və fərq böyük olduqda bu narahatlıq yaradır. Bu narahatlığı azaltmaq üçün isə qarşı tərəfin uğurunu kiçiltmək və ya şübhə altına almaq kimi reaksiyalar ortaya çıxa bilər. Qısqanclıq da bu prosesin içində ola bilər, amma bu, daha çox “niyə o bacardı, mən yox?” sualından yaranan daxili konfliktin nəticəsidir. Yəni bu, birbaşa pis niyyətdən yox, daha çox özünə yönəlmiş narazılığın dolayı ifadəsidir”.
Bəzi şagirdlərin daxili motivasiyası və düzgün strategiyası cəmiyyətin “uğur ancaq repetitorla mümkündür” inancından daha güclüdür:
“Digər tərəfdən, cəmiyyətdə “uğur ancaq repetitorla mümkündür” kimi formalaşmış bir inam var. Bu inam sarsıldıqda insanlar bunu qəbul etməkdə çətinlik çəkir. Çünki bu, onların indiyə qədər qurduğu sistemi sual altına qoyur.
Reallıq isə odur ki, repetitorsuz yüksək nəticə mümkündür, amma bu hər kəs üçün eyni şəkildə işləmir. Bəzi şagirdlərdə güclü özünütəşkil, düzgün strategiya və daxili motivasiya olur ki, bu da onları əlavə dəstək olmadan da yüksək nəticəyə aparır. Yəni belə fikirlərin arxasında həm qısqanclıq, həm özünü qoruma, həm də mövcud inancların sarsılması dayanır. Bu reaksiyalar başa düşüləndir, amma obyektiv yanaşma üçün fərqli uğur yollarının mümkün olduğunu qəbul etmək vacibdir”.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, Azərbaycan orta məktəblərində beşinci sinifdən etibarən dərsə həvəs azalmağa başlayır. Çünki dərslər o qədər çətinləşir ki, uşaqlar oxumaq istəmirlər:

“Ümumilikdə, Azərbaycan təhsil sisteminə nəzər saldıqda görürük ki, artıq birinci sinifdən etibarən valideynlər uşaqlar üçün əlavə hazırlıq təşkil edirlər. Belə ki, uşaqlar məktəbdə qalaraq ev tapşırıqlarını yerinə yetirirlər. Yəni bu hazırlıq prosesi elə orta məktəbin daxilində həyata keçirilir. Birinci sinifdən dördüncü sinfə qədər davam edən bu mərhələdə müəllimlər şagirdlərin çətinliklərini və çatışmazlıqlarını aradan qaldırmağa çalışırlar.
Bəzi hallarda isə bu problemlər tam həll olunmur, müəyyən qədər ört-basdır edilir və qiymətlər bir az artıq yazılır. Yuxarı siniflərə keçəndə isə görürük ki, bu qiymətlər əslində real səviyyəni əks etdirmirmiş.
Amma burada bir məsələ var. Beşinci sinifdən etibarən Azərbaycan orta məktəblərində dərsə həvəs azalmağa başlayır. Çünki dərslər o qədər çətinləşir ki, uşaqlar həqiqətən oxumaq istəmirlər. Valideynlər də bu çətinliyi aradan qaldırmaq üçün demək olar ki, hər fəndən müəllim tutaraq uşağa kömək etməyə çalışırlar”.
Bakı və ətrafında, hazırlığa getmədən, yalnız orta məktəbin verdiyi proqramla 300 bal toplamaq real görünmür:
“Azərbaycan orta məktəblərində müəyyən mərhələdən sonra hamı eyni düşüncəyə gəlir: uşağı hazırlığa yönəltmək lazımdır. Ən pisi isə odur ki, valideynlərin əksəriyyəti hesab edir ki, onların övladı mütləq universitetə daxil olmalıdır. İstər buna hazır olsun, istər olmasın, istər bilik səviyyəsi çatsın, istər çatmasın. Bu səbəbdən, bu gün Azərbaycanda, xüsusilə Bakı və ətrafında, mən bir mütəxəssis kimi deyirəm ki, hazırlığa getmədən, yalnız orta məktəbin verdiyi proqramla 300 bal toplamaq real görünmür. Təbii ki, müəyyən istisnalar ola bilər”.
Şagirdlərin hazırlığa getmədən 300 bal toplamalarına inanmamaq qısqanclıq deyil, bu acı bir reallıqdır. Sadəcə, hər kəs bu reallığı qəbul etmək istəmir:
“Bu qısqanclıq deyil, bunu qısqanclıq kimi qəbul etməyək. Bu, acı bir reallıqdır. Əgər bu gün təhsil sistemini bu qədər çətinləşdiririksə, nəzərə almalıyıq ki, bunun yükünü müəllim daşımalıdır. Valideyn isə öz cibindən repetitora pul ödəyərək uşağını repetitor yanında və ya məktəbdən kənarda hazırlamağa məcbur qalmamalıdır.
Türkiyədə bununla bağlı müəyyən qanunlar mövcuddur. Həmin qanunlara görə, repetitor kimi fəaliyyət göstərən müəllim eyni zamanda orta məktəbdə işləyə bilməz. Yəni ya repetitor işləməlidir, ya da orta məktəbdə. Ev şəraitində partalar qoyub dərs keçənlərə isə ayrıca cərimələr tətbiq olunur. Çox istərdim ki, bu cür qaydalar Azərbaycanda da tətbiq olunsun və insanlar buna əməl etsinlər".
Proqramlar çox çətindir, uşaqlar tez həvəsdən düşür və məktəbə getmək istəmirlər:
"Bu da təlim prosesinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Son dövrlərdə orta məktəblərdə yeniyetmələr arasında bullinq halları və digər davranış pozuntularının artması da məktəblərdə müəyyən boşluqların olduğunu bir daha göstərir”.