Azedu.az

Qəbul imtahanlarında 700 bal tarixə qovuşur...

Buraxılış imtahanları

30 Aprel 2026, 09:18
Qəbul imtahanlarında 700 bal tarixə qovuşur...

2027-ci ildən etibarən buraxılış imtahanlarında xarici dil fənlərində şagirdlərdən esse yazmaları tələb olunacaq. Bu dəyişiklik imtahan modelində ciddi yenilik hesab olunur və şagirdlərin nəticələrinə birbaşa təsir edəcək amillərdən biri kimi qiymətləndirilir.

Şagirdlər arasında artıq belə fikirlər də səsləndirilir ki, bu dəyişiklikdən sonra 700 bal toplamaq demək olar ki, mümkün olmayacaq və maksimum nəticə göstərən abituriyentlərə rast gəlinməyəcək.

Maraqlıdır, esse yazısının tətbiqi şagirdlərin maksimum bal toplamaq imkanlarına konkret olaraq necə təsir göstərəcək? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, 700 bal toplamaq əsas meyar deyil:

“Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin bir neçə ildən bir imtahan sisteminə “yenilik” gətirməsi bütün hallarda həm abituriyentlər, həm də onların valideynləri üçün stres və gərginlik yaradır.

700 bal toplamaq əsas meyar deyil. Təcrübə göstərir ki, 700 balla ali təhsil müəssisəsinə qəbul olub təhsilini uğurla davam etdirə bilməyən abituriyent və tələbələr də var. Bu baxımdan, 700 bal daha çox orta məktəblərin reytinqinin müəyyənləşdirilməsində prioritet göstəriciyə çevrilib.

Eyni zamanda, 650 baldan yuxarı nəticə göstərən tələbələrin əksəriyyətində sosiallaşma problemləri müşahidə olunur; onlar ünsiyyətdə çətinlik çəkir, gələcəkdə əmək bazarında mövqe tutmaq və karyera qurmaqda çətinliklərlə üzləşirlər.

Aparılan statistikaya görə, bu günə qədər 700 bal toplayanların sayı təxminən 117-118 nəfərdir. Onlardan biri şəhid olub, bir neçəsi isə imkanlarını genişləndirmək üçün Avropa ölkələrinə üz tutub. Digərlərinin hansı fəaliyyətlə məşğul olduqları barədə isə dəqiq məlumat yoxdur. Nəticə etibarilə, 700 bal daha çox ali təhsil müəssisəsinə qəbul olmaq və məktəbə müəyyən nüfuz, reytinq və uğur qazandırmaq üçün göstərici kimi istifadə olunur".

Esselərin yoxlanmasının uzun müddət çəkməsi əlavə stres və gərginlik yarada bilər:

“2027-ci ildən xarici dil fənləri ilə bağlı tətbiq olunacaq yeni qayda ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) ilk növbədə öz imkanlarını dəyərləndirməsi vacibdir. Çünki bu yenilik müəyyən çətinliklər yarada bilər. Məsələn, Azərbaycan dili üzrə açıq tipli sualların yoxlanılması bir ay yarım, bəzi hallarda isə daha uzun vaxt aparıb.

İngilis dili müəllimlərinin məktəblərdə çatışmadığı, həmçinin onların bilik və hazırlıq səviyyəsi ilə bağlı müəyyən şübhələrin mövcud olduğu bir şəraitdə (bu məqam rəsmi qurumlar tərəfindən də dolayısı ilə təsdiqlənir), esse yazılarının və ingilis dili üzrə açıq tipli sualların kimlər tərəfindən yoxlanılacağı və bu prosesin nə qədər vaxt aparacağı sual doğurur.

Bu vəziyyət əlavə stres və gərginliyə səbəb ola bilər. Çünki hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin qısa müddətdə kifayət qədər marker müəllim hazırlayıb prosesi operativ şəkildə həyata keçirmək üçün imkanları məhduddur.

Bu baxımdan, daha məqsədəuyğun olardı ki, Dövlət İmtahan Mərkəzi imtahan sistemində elektron tətbiqlərin genişləndirilməsinə üstünlük versin. Belə olduqda, şagirdlər imtahanı başa vuran kimi nəticələrini dərhal öyrənə və topladıqları bal barədə məlumatlı ola bilərlər. Bu isə onlara növbəti mərhələləri: istər blok imtahanını, istərsə də ixtisas seçimini daha rahat planlaşdırmaq imkanı yaradar".

Bundan sonra abituriyentlər arasında 300 və 700 bal kimi iddialarla bağlı o alovlanan həvəs böyük ehtimalla 2027-ci ildə sönəcək:

“Dövlət İmtahan Mərkəzi həm bu qaydalarla bağlı məsələyə, həm də ümumi fəaliyyətinə yenidən baxmalıdır. Artıq üçüncü ixtisas qrupu ilə bağlı ciddi narahatlıq yaranıb. Üçüncü qrupa sənəd verənlərin bir hissəsi birinci qrupa yönəlib. Bu ilki statistikaya baxsaq, görərik ki, birinci qrupa ötən illə müqayisədə dəfələrlə çox müraciət var, üçüncü qrupda isə say azalıb. Eyni zamanda, cəmiyyətdə belə söz-söhbətlər də dolaşır ki, üçüncü qrup ümumiyyətlə ləğv oluna bilər.

Mən yenə də 2027-ci ildə tətbiqi nəzərdə tutulan məsələyə qayıdıram: bu dəyişikliklər yüksək nəticələrə əvvəlki kimi imkan verməyəcək və bundan sonra abituriyentlər arasında 300 və 700 bal kimi iddialarla bağlı o alovlanan həvəs böyük ehtimalla 2027-ci ildə nəhayət ki, sönəcək”.

İsrail ordusu İran sərhədində: Hücum əmri verildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox