Ötən günlərdə Şəmkir Kimya və Biologiya Təmayüllü Liseyin 11-ci sinif şagirdi Hüseyn Quliyev Böyük Britaniyanın Mançester Universitetinə qəbul alıb.
AzEdu.az bu münasibətlə Hüseynlə həmsöhbət olub.
O qeyd edib ki, heç bir kursdan universitet müraciəti üçün dəstək almayıb.
“Mən 8-ci sinifdən bəri informatika ilə məşğul oluram və bu sahə artıq mənim əsas maraq və inkişaf istiqamətimə çevrilib. Xüsusilə alqoritmlər, proqramlaşdırma və kibertəhlükəsizlik sahələrinə böyük marağım var. Respublika fənn olimpiadalarında 2 dəfə finala vəsiqə qazanmışam və 1 bürünc medal əldə etmişəm. Bundan əlavə, SAF 2023-də gümüş medal, "VEX Robotics" Respublika turnirində “Energy Award” mükafatı qazanmış, World Robotics Competition və "First Lego League" yarışlarında finalçı olmuşam. Xaricdə təhsil almağı seçməsəydim, Azərbaycanda seçimim ADA Universiteti və Bakı Ali Neft Məktəbi olardı.
Xaricdə təhsil üçün SAT imtahanından 1470 bal, IELTS imtahanından 7.5 nəticə əldə etmişəm. AP proqramı üzrə isə 3 fənnin hər birindən 5 bal toplamışam. Bu müddətdə heç bir kursdan dəstək almamışam. Bütün planımı özüm qurmuş, resursları özüm seçmiş və esselərimi tamamilə özüm yazmışam. Gündəlik 6 saatdan çox bu prosesə vaxt ayırırdım.
Hüseyn ABŞ universitetlərinin 12-dən qəbul alıb:
“Universitet seçimlərim əsasən ABŞ, Böyük Britaniya və Çin istiqamətində olub. Hazırda ABŞ-də 12 universitetdən qəbul almışam. Ən çox qəbul almaq istədiyim universitetlərdən biri Honq Konq Universiteti idi və onun nəticəsini hələ gözləyirəm. Eyni zamanda Böyük Britaniyada yerləşən Mançester Universitetindən qəbul almışam. Bundan əlavə, Avropada yerləşən bəzi universitetlərə də müraciət etmişəm və cavablarını gözləyirəm. Yekun qərarımı bütün nəticələr açıqlanandan sonra verəcəyəm.
Hazırda bakalavr səviyyəsində kompüter elmləri ixtisası üzrə qəbul almışam. Gələcəkdə isə magistr təhsilimi kibertəhlükəsizlik sahəsində davam etdirmək istəyirəm. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Ölkəmdə böyük şirkətlərdə işləyərək qazandığım bilik və təcrübəni tətbiq etmək istəyirəm. Magistr təhsilimi də xaricdə almağı planlaşdırıram, lakin hələlik universiteti dəqiqləşdirməmişəm. Gələcəkdə özümü texnologiya sahəsində, xüsusilə böyük layihələr və innovativ həllər üzərində çalışan mütəxəssis kimi görürəm.
Xaricdə təhsil almaq mənim üçün yeni təcrübə olacaq. İlk dəfə ailəmdən uzaqda qalmaq və fərqli mühitə uyğunlaşmaq bir qədər həyəcanlıdır. Əsas məqsədlərimdən biri Azərbaycanı beynəlxalq mühitdə təmsil etməkdir.
Mançester Universitetində dərsdənkənar fəaliyyətlərə xüsusi diqqət yetirilir. Bu sahədə müəyyən çətinliklər ola bilər, çünki xarici tələbə olaraq uyğunlaşmaq çətin ola bilər. Amma dərslərin Azərbaycandakı proqramlarla oxşar olması uyğunlaşmanı asanlaşdıracaq".
O qeyd edib ki, qəbul xəbərini ilk dəfə görəndə inanmayıb:
“Gələcəkdə təqaüdlə bağlı dövlət proqramına müraciət etməyi düşünürəm. Daha sonra müxtəlif təqaüd proqramlarına müraciət edəcəyəm. Universitetlərin daxili təqaüdlərindən də maksimum yararlanmaq istəyirəm.
Qəbul xəbərini məşğələdə müəllimimin yanında açmışdım. İlk dəfə görəndə inanmadım və digər universitetləri yoxladığımı düşündüm. Sonra yenidən yoxladım və doğru olduğunu görəndə çox sevindim. Daha sonra müəllimlərimə məlumat verdim.
Xaricdə oxumaq arzum 10-cu sinifdən formalaşıb. Bacım da 10-11-ci sinfi xaricdə oxuduğu üçün mən də bu qərarı verdim. Çünki həm təcrübə, həm də iş imkanları daha genişdir.
Xaricdə təhsil alarkən mühitə tez uyğunlaşa biləcəyəm, çünki çoxlu xarici dostlarım var. Bununla belə, yeni cəmiyyətə uyğunlaşma müəyyən çətinlik yarada bilər. Nə qədər də olsa, fərqli ölkədir".
O, şagirdlərə tövsiyə edib ki, sadəcə xaricdə oxumaq üçün ixtisas seçməsinlər:
“Mən SAT imtahanını iki dəfə vermişəm. İlk nəticəm istədiyim kimi olmadı və bu, mənə daha çox çalışmalı olduğumu göstərdi. Növbəti imtahana qədər təxminən iki ay vaxtım var idi və bu müddətdə özümü motivasiya etməyə çalışdım. Özümə deyirdim ki, bu mənim əsas çıxış yolumdur. Yəni düşünürdüm ki, ya bu imtahandan istədiyim nəticəni əldə edəcəyəm, ya da arzuladığım universitetə qəbul ola bilməyəcəyəm. Bu səbəbdən özüm üçün ciddi bir rejim qurmuşdum və demək olar ki, hər gün 6-7 saat hazırlaşırdım. Nəticədə isə ikinci imtahan nəticəm çox yaxşı oldu.
Digər abituriyentlərə tövsiyə edirəm ki, maraq göstərdikləri sahəni seçsinlər və ruhdan düşməsinlər. Əgər ilk cəhddə alınmasa, daha yaxşı hazırlaşıb yenidən cəhd edə bilərlər. İmtahanlara hazırlıqda əsasən onlayn resurslardan istifadə etmək daha effektivdir. Bahalı kurslara böyük məbləğ xərcləmək əvəzinə, özün öyrənilə bilən materiallardan istifadə etmək daha faydalıdır.
Xaricdə təhsil almaq istəyi ailəmin təsiri ilə də formalaşıb. Ailəm dəstək versə də, nəticənin mənim üzərimdə olduğunu bildirirdi. Bu da məni daha məsuliyyətli edirdi".