Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-13 10:59:00
Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə! - Bu xərclərinizi dövlət qarşılayacaq

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyurlar.

Son zamanlar ali təhsil almaq üçün ən çox üstünlük verilən ölkələrdən biri də Macarıstandır.

2019-2020-ci tədris ili üzrə Macarıstanda bakalavriat, magistratura və doktorantura  təhsili üzrə təqaüd proqramı elan edilib.

AzEdu.az  Macarıstanda təhsil almaq istəyənlər üçün zəruri məlumatları diqqətə çatdırır:

Macarıstan 2004-cü ildən Avropa Birliyi üzvü olduğuna görə, ali məktəblər uzun müddətdir, kredit sistemi və Boloniya prosesinə qoşulub. Məhz bu səbəbdən dünyanın dörd bir yanından müxtəlif ölkələrin vətəndaşları Macarıstana təhsil almağa gəlirlər.Bu universitetlərində demək olar ki, dünyanın bütün ölkələrindən olan şəxslərə rast gəlmək mümkündür.

Təqaüd proqramı ilə Macarıstanda təhsil ala biləcəyiniz ixtisaslar  

Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisasları üzrə təqaüd proqramları təklif olunur.  

Doktorantura pilləsi üzrə istənilən maraq dairəsinə uyğun ixtisaslar üzrə təqaüdlər  mövcuddur.

Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Amma tələbələrin beynəlxalq nəqliyyat xərcləri şəxsi vəsaitləri hesabına ödənilməlidir.

 Aylıq təqaüdlər ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

Bakalavriat və magistratura proqramları üçün aylıq 40.460 Macarıstan forinti;

Doktorantura proqramları üçün təlim və tədqiqat dövründə 140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti.

Macarıstan ali məktəblərində tələbələrin təhsil ala biləcəyi dillər   

Macarıstan ali məktəblərində tələbələr macar və ya ingilis dilində təhsil ala bilərlər. Tələbələr Macar dilində ali təhsilə başlamamışdan öncə Balassi İnstitutunda bir illik hazırlıq kursu keçməlidirlər. Lakin tələbələrin müəyyən   səviyyədə ingilis dili biliklərinə sahib olmaları əsas şərtdir. Namizədin ingilis dili səviyyə göstəriciləri (İELTS) bakalavriat təhsil səviyyəsi üzrə 6.0, magistratura və doktorantura səviyyələri üzrə isə 6.5-ə bərabər olmalıdır.

Bakalavriat və ya magistratura təhsilinizi (xaricdə və ya Azərbaycanda) tam ingilis dilində bitirmisinizsə, müvafiq sənədlər təqdim etdiyiniz təqdirdə, müsahibə mərhələsində iştirak üçün tələb olunan dil biliyi səviyyəsinə dair sertifikat tələbi nəzərə alınmır.

Macarıstanda bakalavriat və magistratura səviyyələrində təqaüdlü təhsil almaq istəyənlər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanlarında texniki ixtisaslarda 350, digər sahələr üzrə ən azı 450 bal toplamalıdırlar.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları