Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-11 13:17:10
Yeni İngilis dili Resurs Mərkəzi açıldı - FOTOLAR  

Yanvarın 11-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivində yerləşən Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub.

AzEdu.az xəbər verir ki, Resurs Mərkəzinin açılışı Təhsil Nazirliyi, Böyük Britaniya hökuməti və “British Council” təşkilatının dəstəyi ilə baş tutub.

Açılış mərasimində təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah iştirak ediblər.  

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində “British Council” təşkilatı 25 il ərzində bir sıra uğurlu layihələr həyata keçirib. Həmin layihələrdən biri də Azərbaycanda İngilis dili Resurs mərkəzlərinin yaradılmasıdır. Layihənin əsas məqsədi müəllim və şagirdlərin ingilis dili bacarıqlarının, xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir.

Nazir müavini qeyd edib ki, 2016-cı ildən indiyədək ümumi təhsil müəssisələrində 11 İngilis dili Resurs Mərkəzi yaradılıb. Mərkəzlər ingilis dilinin öyrənilməsi üçün zəngin kitab resursları, audio və video materiallar, jurnallar, elektron resurslar və bütün lazımi texniki avadanlıqlarla təmin olunub. Füzuli rayon 50 nömrəli tam orta məktəbdə açılan İngilis dili Resurs Mərkəzi təşkilatın sayca 12-ci ingilis dili mərkəzidir. Yanvar ayı ərzində Laçın rayon Quşçular kənd tam orta məktəbində daha bir İngilis dili Resurs Mərkəzinin açılışı nəzərdə tutulur.

Məhəbbət Vəliyeva İngilis dili Resurs mərkəzlərində çalışan müəllimlərin 4 ay müddətində təlimlərdə iştirak etdiyini və xüsusi metodlara yiyələndiklərini də diqqətə çatdırıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts resurs mərkəzinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib və şagirdlərin ingilis dili üzrə biliklərinin zənginləşməsinin iki ölkə arasında əlaqələrə töhfə verəcəyinə əminliyini bildirib.

“British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah isə qeyd edib ki, yeni mərkəz azərbaycanlı şagirdlərin ingilis dili üzrə biliklərə yiyələnməsi ilə yanaşı, gələcəkdə karyera qurmalarına da yardım edəcək. Samr Şah mərkəzdə şagirdlərə komanda şəklində işləmək, liderlik qabiliyyəti kimi bacarıqların da öyrədildiyini deyib.

Mərkəzdə olan kitabxanadan, elektron resurslardan 50 nömrəli məktəbin şagird və müəllimləri ilə yanaşı, yaşayış massivində yerləşən Cəbrayıl rayon akademik Mehdi Mehdizadə adına şəhər, Xocavənd rayonu Nərimanlı kənd və Ağdam rayonu 33 nömrəli köçkün tam orta məktəblərin şagird və müəllimləri də istifadə edə biləcəklər.

Qeyd edək ki, Füzuli rayon 50 nömrəli tam orta məktəb 1994-cü ildən fəaliyyət göstərir. Məktəbdə 193 şagird təhsil alır. Məktəb 2017-ci ildə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olub.