Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 11:01:55
II qrup abituriyentləri və müəllimlərinin artan  narahatlığı – “Buraxılışa Coğrafiya fənni salınsın!”  

“Qəbul proqramı hələ hazır olmadığından məcburən əvvəlki illərin proqramı ilə idarə edirik. DİM-in təqdim etdiyi yeni test toplusunda elə də ciddi dəyişiklik yoxdur. Ən pisi isə topluda yeni qaydalara uyğun heç bir nümunənin verilməməsidir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Tarix-Coğrafiya müəllimi Posu Mansırlı deyib. O,həmkarı Tural Topçuyevin fikirləri ilə tamamilə razı olduğunu vurğulayıb:

“Tural müəllim çox doğru qeyd edib. Proqram hələ hazır olmadığından məcburən əvvəlki illərin proqramı ilə idarə edirik. DİM-in təqdim etdiyi yeni test toplusunda elə də ciddi dəyişiklik yoxdur. Ən pisi isə topluda yeni qaydalara uyğun heç bir nümunənin verilməməsidir. Ona görə abituriyentlərimizi sınaqlara göndəririk ki, həm yeni sistemi öyrənsinlər, həm də bu formatda imtahana alışsınlar. Qəbul zamanı çətinlikləri olmasın. Biz isə həmin sistemə uyğun testlər hazırlayıb məşğələlərdə işləyirik”.

Posu Mansırlı Coğrafiyanın buraxılış imtahanına və digər ixtisaslara əlavə olunması barədə yayılan qalmaqallı fikirlərə də münasibət bildirib:

“Tədris olunan hər fənn əsas sayılmalıdır. Fikrimcə, qəbul İnformatika da daxil olmaqla, 8 fənn üzrə aparılmalıdır. Bu şagirdin hər tərəfli inkişafına kömək edəcək. Düzdür, bu bir az çətinlik yaradacaq.

Coğrafiya elə bir fəndir ki, insanın dünyagörüşünün formalaşmasına birbaşa təsir göstərir. Bundan əlavə, III ixtisas qrupuna hazırlaşan abituriyentlər bu qrupda coğrafiya olmadığından və coğrafiyanı oxumadıqlarından tarix dərsində xəritədə çətinlik çəkirlər. Xəritə sistemiylə olan sualların əksəriyyətini səhv yazırlar.

I və III ixtisas qruplarında elə ixtisaslar var ki, onlar sırf coğrafiya ilə əlaqəlidir. Coğrafiyanı oxumayan biri bu ixtisasa qəbul olunduqda çətinliklər yaranır. İndiki sistemlə qəbul aparılarkən ya I və III ixtisas qruplarına Coğrafiya fənni artırılmalı, ya da həmin ixtisaslar II ixtisas qrupuna əlavə edilməlidir”.

Xatırladaq ki, Coğrafiya müəllimi Tural Topçuyev AzEdu.az-a açıqlamasında qəbul proqramının gecikdirilməsi səbəbiylə abituriyentləri hansı proqram üzrə hazırlaşdıracaqlarını bilmədiklərini və bu fənnə laqeyd yanaşıldığını qeyd etmişdi. Müəllim, eyni zamanda Coğrafiyanın əsas fənn olaraq buraxılış imtahanına əlavə olunmasını təklif etmişdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları