"Bizim cəmiyyətdə valideyn üçün övladının universitetə daxil olması təkcə bir təhsil pilləsinin keçidi deyil, az qala ölüm-qalım məsələsi kimi dəyərləndirilir. Valideyn də, abituriyent də iki il ərzində olmazın əziyyətini çəkir və ona görə də bu mövzu onların həssas nöqtəsinə çevrilir".
AzEdu.az-a bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
O, qeyd edib ki, "150 balla mən sizi pulsuz təhsilə daxil edərəm" deyib bu cür əsassız reklam edən insanların sayısı isə ildən-ilə artır:
"İstər bu il, istər bundan əvvəlki illərdə və çox güman ki, növbəti illərdə də məhz bu ərəfədə məni ən çox narahat edən mövzu ixtisas seçimi prosesidir. Sosial şəbəkələrdə, xüsusən də "TikTok", "Instagram" və "Telegram" platformaları üzərindən bir çox şəxslər özlərini ixtisas seçimi mütəxəssisi kimi təqdim etməyə çalışırlar və təəssüf ki, onların bu cəhdləri çox hallarda baş tutur.
Burada valideynlərin həssas durumu xüsusi rol oynayır. Bizim cəmiyyətdə valideyn üçün övladının universitetə daxil olması təkcə bir təhsil pilləsinin keçidi deyil, az qala ölüm-qalım məsələsi kimi dəyərləndirilir. Valideyn də, abituriyent də iki il ərzində olmazın əziyyətini çəkir və ona görə də bu mövzu onların həssas nöqtəsinə çevrilir. Məhz bu həssas məqamda bəzi şəxslər aşırı reklamlara üstünlük verməklə, pafosla və bəzi hallarda manipulyativ inandırma qabiliyyətləri ilə valideynlərə öz xidmətlərini təklif edirlər.
Mən belə xidmətlərin göstərilməsinin əleyhinə deyiləm. Əgər bir insan həqiqətən mütəxəssisdirsə bunu xüsusi qeyd etmək istəyirəm öz işini bilirsə, işini halallıqla, mənəvi-etik dəyərlərlə, peşəkarlıqla və yüksək nəticə ilə həyata keçirə bilirsə, şəxsən mən onu alqışlayıram və belə insanların bu sahədə daha çox olmasını istəyərdim.
Lakin qeyri-peşəkar şəxslər fəaliyyət göstərəndə həqiqi mütəxəssislərin də qabağını kəsmiş olurlar və insanlar bu sahəyə inamını itirir. "150 balla mən sizi pulsuz təhsilə daxil edərəm" deyib bu cür əsassız reklam edən insanların sayısı isə ildən-ilə artır".
Hər dəqiqəni pulla ölçənlər insanları 10-12 dəqiqəyə yola salırlar və təəssüf ki, bu manipulyasiya hələ də işə yarayır:
"Ümumiyyətlə, bir neçə ildir ki, məhz seçimlər başlayan zaman, bu dövrə qədər tamam başqa işlə məşğul olan, səhifəsini tamam fərqli prinsiplərə görə işlədən şəxslər avtomatik şəkildə ixtisas seçimi mütəxəssisinə çevrilirlər. Təsəvvür edin, bu insanlar 200 manatdan aşağı bir qiymətə xidmət göstərmirlər. Reklamları pafosla, manipulyativ elementlərlə doludur və bu yollarla özlərinə çəkdikləri valideynləri böyük bir haqsızlıqla üz-üzə qoyurlar.
Halbuki, mütəxəssissənsə, peşəkarsansa, ixtisas seçimi elə-belə bir proses deyil. Sən müəyyən dataları bilməlisən, data analitikası keyfiyyətlərin olmalıdır, əmək bazarını araşdırmalısan və ixtisasın abituriyentin potensialına uyğunluğunu götür-qoy etməlisən. Peşəkarlıq məhz bunu tələb edir. Lakin hər dəqiqəni pulla ölçənlər insanları 10-12 dəqiqəyə yola salırlar və təəssüf ki, bu manipulyasiya hələ də işə yarayır.
Bu sahədə qarşılaşdığımız bəzi konkret faktları qeyd etmək istəyirəm. Bəziləri xidmət haqqını süni şəkildə şişirtmək üçün əlavə texniki xidmətlər də daxil edir, öz aləmlərində xidmət paketi hazırlayırlar. Abituriyentin şəxsi kabinetinin parolunu dəyişirlər. Elə faktlar eşitmişəm ki, valideyn və uşaq bəzi detalları bilmədiyi üçün, onların yanına ixtisas seçiminə gəlməyəndə şəxsi kabinetin parolunu onlara vermirlər. Bu, mənəvi dəyərlərin yoxsunluğudur. Mütləq mənim yanıma gəlsinlər deyə şəxsi kabinetin parolunu abituriyentdən gizlədənlər var".
Valideynlərdən çox xahiş edirəm, manipulyasiyalara uymayın. Araşdırın, peşəkarları tapın:
"Bəli, insanlar bu məsələlərdə bilgisiz ola bilər. Əslində məlumatlı adam üçün şəxsi kabinetin parolunu yenidən bərpa etmək çətin bir şey deyil. Amma insanlar stress altındadırlar, imtahanı düşünürlər, övladlarının gələcəyini düşünürlər və belə bir məqamda şəxsi kabinetə daxil ola bilməmək onlar üçün böyük problem yaradır.
Hətta elə adamlar var ki, abituriyent qəbul aldıqdan sonra valideyni manipulyasiya edirlər ki, "universitetə olan elektron portal qeydiyyatını bizimlə etməsəniz, uşağınız kəsiləcək, qəbulu ləğv olunacaq". Bu insan artıq qəbul olubsa, hansı əsasla belə bir manipulyasiya edirsən ki, "mənlə etməsən kəsiləcəksən"? Maddi maraqların bu dərəcədə qabardılması və insanların çarəsizliyindən istifadə edilməsi çox ağrılı bir məsələdir.
Mən valideynlərdən çox xahiş edirəm, manipulyasiyalara uymayın. Araşdırın, peşəkarları tapın. Bir insan nəyə görə bu işi görür, onun hansı keyfiyyətləri var, hansı real nəticələri var, bunları mütləq götür-qoy edin. Əlinizdə olan telefon hər bir məlumata çıxış imkanı verir, heç bir məsələdə tələsməyin. Uşağınızın balı aşağı olduğu təqdirdə sizə verilən "yüzdə-yüz qəbul edəcəyəm" vədlərinə heç vaxt aldanmayın. Onların tətbiq etdiyi üsulun sirrini sizə açım: bilirlər ki, həmin balla universitetə girmək mümkün olmayacaq, abituriyent universitet müsabiqəsindən kəsiləndən sonra dərhal manipulyativ dillə söhbəti kolleclərə tərəf yönəldirlər. Çünki universitetlərdən həmən sonra 11 illik baza ilə kollec qeydiyyatı başlayır.
Prosesi kollec tərəfə əlaqələndirirlər və buna görə də valideyndən əlavə olaraq 150 manat, 100 manat, bəzən də guya güzəşt edərək 55 manat alırlar. Halbuki abituriyent universitet hədəfindən artıq kəsilmiş olur. Valideynlər bu mövzularda maariflənməlidir və bizim də əsas məqsədimiz bu məsuliyyətli işin sırf peşəkar insanların əlində olmasıdır".