XƏBƏRLƏR

10.10.2018 11:26
Psixoloqdan abituriyentlərə çağırış– “Yeni qəbul qaydasından qorxmayın,  “test həbsxanası”ndan qurtulursunuz!”

“Sizə boş vərəq təqdim olunursa, ora bildiyiniz hər şeyi yaza bilərsiniz. Abituriyent çalışıb boş vərəq qaytarmamalıdır. Hətta vərəqə şəkillər çəkə, şeir də yaza bilər. Bu, onun mövzuya aid nəyisə bildiyini sərgiləyəcək. Ancaq əvvəl hansısa dolaşıq test sualı  şagirdin biliyini ölçürdü”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı psixoloq İbrahim İbrahimov deyib. Onun sözlərinə görə, yeni qəbul sistemi əzbərçiliyi aradan qaldırmağa hesablanır:

“Abituriyent artıq sualı və cavabını əzbərləməyəcək. Tarix və Ədəbiyyat kimi fənlər şəxsi maraq əsasında öyrənilən və yadda qalan fənlərdir. Hər kəs dünya ölkələrinin tarixini ordan-burdan, hətta filmlərdən də öyrənə bilər. Əsas məsələ test sistemindən yavaş-yavaş çıxmaqdan gedir ki, bu da lazımlı idi.

Sizə boş vərəq təqdim olunursa, ora bildiyiniz hər şeyi yaza bilərsiniz. Abituriyent çalışıb boş vərəq qaytarmamalıdır. Hətta vərəqə şəkillər çəkə, şeir də yaza bilər. Bu onun təqdim olunan mövzuya aid nəyisə bildiyini sərgiləyəcək. Ancaq əvvəl çaşdırıcı test şagirdin biliyini ölçürdü. Bu da doğru deyil”.

Psixoloqun sözlərinə görə, bu imtahana keçid abituriyentlərdə yaradıcılıq qabiliyyətini və məntiqi təfəkkürü inkişaf etdirəcək:

“Əsas odur ki, abituriyent vərəqə nəsə yazacaq və yazdığı ona bal qazandıracaq. Abituriyentlərə psixoloji məşq lazımdır. Qarşılaşdığınız mövzuda bildiyiniz hər şeyi yazmalısınız. Məsələn, sizdən Almaniya dövlətinin tarixini soruşurlar. Siz isə konkret nə zaman yarandığını bilmirsiniz və ya unutmusunuz. Həmin zamanda alman tayfalarının və ya Avstriya-Macarıstan İmperatorluğu olduğunu qeyd edə bilərsiniz. Hitlerdən də yazsanız, bu sizin yüksək bal almaq şansınızı artıracaq. Testdə isə bu imkanlar olmurdu. Burada sadəcə, abituriyent qorxmamalı və mövzu haqqında bildiyi hər şeyi yazmalıdır”.

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova Müəllifin digər yazıları