XƏBƏRLƏR

17.03.2018 09:21
3D-printer insanları evlə təmin edəcək

ABŞ-ın Texas ştatının Ostin şəhərində keçirilən “SXSW” konfransında 3D-çapın köməyi ilə betondan tikilən evin modeli təqdim edilib.

Altmış kvadratmetr sahəyə malik evin çap edilməsi prosesinə təxminən 48 saat sərf olunur. Tikinti üçün 10 min dollar xərclənir. İstehsalçılar ümid edirlər ki, xərclərin optimallaşdırılması və avtomatlaşdırılmış printerin təkmilləşdirilməsi ilə tikintiyə sərf olunan vaxtı 12-24 saatadək azaltmaq mümkün olacaq.

AzEdu.az AZƏRTAC-a istinadla xəbər verir ki, robot-printer avtomatlaşdırılmış layihələndirmə üçün standart proqram təminatının köməyi ilə yaradılan çertyojlar üzrə işləyir. Beləliklə, bu evlərin gələcək sahibləri şəxsi evlərini yarada və ya hazır olanlardan birini seçə biləcəklər.

Layihə “Icon” tikinti şirkəti və inkişaf edən ölkələrdə evlərin inşasına kömək göstərən “New Story” qeyri-kommersiya təşkilatı tərəfindən həyata keçiriləcək. Dünyada bir milyarddan çox evsiz insan yaşayır. Ucuz və asanlıqla tikilən ev layihəsi onlara ümid vermək üçün nəzərdə tutulub.

Silikon vadisi tərəfindən maliyyələşdirilən layihəyə cari ildə Salvador şəhərində başlanacaq. Əvvəlcə sınaq üçün bir neçə ev tikiləcək. Layihə uğur qazanarsa, belə konstruksiyalar milyonlarla insana kömək edə biləcək. 3D-çap texnologiyası ilə inşa ediləcək evlər ailələrə faizsiz ipoteka ilə 10 il müddətinə aylıq 30 dollar ödəmək şərti ilə veriləcək.

İlin gənc müəllimi-Müraciət formu