Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 14:30:00
Xalq artistinin “Mən azərbaycanlıyam” macəraları – "Dəhşətə gəldim, pultu qoyub getdim, dedim ki....”

“Nə qədər kömək etsəm də, tələbə sualı  cavablaya bilmədi. Özümü saxlaya bilməyib dedim ki, “Allah köməyin olsun, bu gün Yaşar  Nurini tanımayan adamın sabah mən heç ağlına da gəlmərəm...”

Bu sözləri “Mən Azərbaycanlıyam” intellektual proqramının keçmiş aparıcısı, Xalq artisti,  aktyor  Ramiz Novruz deyib.

Hər zaman tələbələrə suallar yağdıran aktyoru bu dəfə AzEdu.az  “sorğu-sual”  edib. O, proqrama aparıcılıq etdiyi müddətdə rastlaşdığı ən qeyri-adi hadisə və yaddaşından çıxmayan  tələbələr haqqında danışarkən bir neçə maraqlı məqama toxunub. Öncə bildirib ki, hər şeydən öncə yarışma müddətində çox bilikli uşaqlarla rastlaşıb. Aktyor onların çətinlik çəkdiyi məqamları da dilə gətirib:

“Bəzən, elə aktyor və bəstəkarları tanımırdılar ki, çaşıb qalırdım...”

“Tələbələr ümumi həyatdan, məktəb proqramından məlumatlı idilər. Amma konkret suallarda problem yaranırdı. Məsələn, soruşsaq ki, “filan yazıçı neçənci ildə anadan olub, onun hansı əsərləri var?” bilmirdilər. Təbii ki, ümumi məzmundan xəbərdar idilər.

Bəzən elə aktyor və bəstəkarları tanımırdılar ki, çaşıb qalırdım. Düşünürdüm ki, bu dünyagörüşlə gələcəkdə onlara çox çətin olacaq. Artıq bu, təhsil deyil, şagirdin özü ilə bağlıdır.

İstərdim ki, onlar bədii məsələləri, hansısa yazıçının əsərlərini şərh edə bilsinlər. Açığı, indiki dövrün uşaqları Azərbaycan tarixi və gerçəkliyini bizdən daha yaxşı bilirlər. Bizim nəsilə bunlar  o qədər də keçirilmirdi. İndiki uşaqlar daha hazırlıqlı, məlumatlıdırlar.

Məsələn, onlar M.Ə.Ordubadinin “Qılınc və qələm” əsərini oxumasalar da, əsasında çəkilən filmə baxıblar və məlumatları var. Bu, onlara bəs edir. Amma bilmirlər ki, bəlkə də Ordubadi onu heç belə yazmayıb, bu, rejissorun, yaradıcı komandanın fikridir. Bu, çox pis haldır. Onlar ilk mənbəni çox nadir hallarda oxuyurdular”.

“İştirakçıya dedim ki, bu gün Yaşar Nurini tanımayan adamın, mən sabah heç ağlına da gəlmərəm”

Aktyor bildirib ki, tələbə yarışma zamanı elementar sualı bilməyəndə, oxuduğu universitet haqqında deyil, onun özü haqqında düşünüb. Onun fikrincə, bu, həmin şəxsin öz keyfiyyəti, məlumatsızlığıdır:

“Bir dəfə çox heyrətə gəldim. Sual verdim ki, “Bəyin oğurlanması” filmində İsrafil rolunu oynayan aktyor kimdir? Üstəlik nə qədər kömək də etdim. Tələbə cavablaya bilmədi. Özümü saxlaya bilməyib dedim ki, “Allah köməyin olsun! Yaşar Nurini tanımayan adamın, mən sabah heç ağlına da gəlmərəm. Gör, onda mən nə gündəyəm”.

Amma bu, nadir hallarda olurdu. O  vaxt konkret hansısa universitet haqqında düşünmürdüm. Açığı, Mədəniyyət və İncəsənət Universitetindən gələn uşaqlara elə baxırdım ki, onlar ən asan sualları cavablayaraq, ən az balı olan universitetə qəbul olunublar. Amma oradan elə maraqlı uşaqlar gəlirdi ki, bəzilərini adlarını hələ də unutmamışam. Çox hazırlıqlı uşaqlar var idi. Bir şeyi mən bilmirəmsə, orda universitetin günahı nədir? Mənə öz həyat hazırlığım lazımdır”.

“Yarışma zamanı ən uğurlu tələbələr hansı universitetdən olurdu?”-sualına isə aktyor belə cavab verib:

 “Ən dünyagörüşlü uşaqlar Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, ovaxtkı Turizm universitetindən olurdular. Aviasiya Akademiyasından da çox maraqlı uşaqlar vardı. Onlar texniki fənləri daha çox keçmələrinə baxmayaraq, bəzən digərlərindən daha hazırlıqlı olurdular. ADNSU-dan çox yaxşı uşaqlar var idi”.

Onun sözlərinə görə, İmişli, Gəncə, Tovuz, Qazaxdan olan iştirakçılar dünyagörüşünə görə xüsusi seçilirdilər:

“Amma  bu, konkret kütləvi hal almırdı. Bəzən Gəncə, bəzənsə Lənkərandan gələn uşaqlar daha savadlı olurdular. İntellektual tələbələr ölkəni müxtəlif  bölgələrindən olurdular. Hətta dərhal, düşünmədən cavab verən, aktiv bir uşaq vardı. O, İmişlidən idi. Amma Qərb zonasının uşaqları daha fəal idilər”.

“Bir dəfə efirdə əsəbiləşdim və pultu qoyub getdim.  Sonradan gəlib iştirakçı xanımın könlünü aldım”.

“Yarışma boyu unutmadığım hadisələr çox olurdu. Tələbələrlə zarafatlar edirdim.

Bir qız əvvəlki suallara çox yaxşı cavab verdi. Sonradan isə ümumi mövzunu götürdü və teatrdan sual düşdü. İlk teatr binasını tikdirən insandan söhbət gedirdi.  Mən kömək etmək üçün hər şeyi dedim. Dedim ki, o şəxs milyonçu, messenant olub... Adında “Hacı” sözü var... Hacı Zeynalabdin...  Xanım bircə Tağıyev sözünün demədi. Mən də onda əsəbiləşdim və pultu qoyub getdim. Sonradan gəlib xanımın könlünü aldım. Dedim ki, incimə, “Tağıyev teatrı” sözünün işlədə bilmədim.

Hərdən efirdə öz dilim topuq vururdu. Uşaqlara baxıb deyirdim ki, görürsünüz də, bu da Xalq artisti... Düz-əməlli bir söz deyə bilmir. Belə atmacalarım olurdu... (gülür)

Yadımdadır,  bir bitki ilə bağlı sual düşdü: “Filan meyvə endemik şərait olduğuna görə burada bitmir”. Onun bitmədiyi yer isə Naxçıvan imiş.  Sualı deyib bitirdim və dedim ki, “meyvənin  qudurmuşluğuna  bax  a... Necə yəni orada bitmir”. Qəsdən belə edirdim ki, uşaqları o gərginlik və həyəcandan çıxarım”.

Xalq artisti sonda əlavə edib ki, indi də həmin uşaqların  çoxu ilə əlaqə saxlayır:

“Onlar  hələ də mənə yazır, teatra gəlir, tamaşalara baxırlar. Hansı əlaçı uşaqlara nömrə vermişəmsə, əlaqə saxlayırıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları