Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 15:05:00
Zələlə bölgəsində oxuyan tələbələrimiz Təhsil Nazirliyinə təşəkkür etdilər – “Vətənə rahat qayıtdıq”

 

2020-ci ilin ilk ayında  mənfi hadisələrin ardı-arası kəsilmir.

Qonşu Türkiyədə yanvarın 24-də axşam saatlarında  Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. Belə ki, Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

AzEdu.az-a danışan Elazığ Furat Universitetinin İnşaat Mühəndisliyi fakültəsinin  3-cü kurs tələbəsi Araz Zamaniəvvəlcə  zəlzələ gecəsi baş verənlərdən danışır:

 

“Zəlzələ baş verən zaman evdə idim. Heç gözləmədiyimiz anda təbii fəlakət baş verdi.Hamı zəlzələnin vahiməsindən çölə çıxdı. Bütün gecəni çöldə keçirmək məcburiyyətində qaldıq. AFAD (Afet ve Acil Durum Yönetimi Başbakanlığı) bizə binalara yaxınlaşma və evlərə daxil olmağa icazə vermirdi. Bütün Elazığ əhalisi  mərkəzi meydan olan Ahmet Aytarda gözləyirdi.Gecə hava çox soyuq olduğu üçün ocaqlar qalayaraq, isinməyə çalışdıq. İnsanların çoxu qorxu və şok vəziyyətində idilər. Onlar baş verən dəhşətin təsirindən ayrıla bilmirdilər. Çünki Elazığda zəlzələ ilk dəfə idi ki, baş verirdi. Yerli əhali qeyd edirdi ki, 40 ilə yaxındır ki, Elazığda zəlzələ baş vermir.

Oradakı azərbaycanlı tələbələr ölkə başçımızın xüsusi diqqətində oldu.  Həmçinin, Təhsil Nazirliyi və nazirimiz Ceyhun Bayramovun təşəbbüsü ilə avtobuslar təşkil edildi. Malatyadan gələn avtobuslar Elazığ istiqamətinə yol aldı. 3 avtobus olmaqla 230 nəfər azərbaycanlı tələbə Elazığ bölgəsindən Bakıya təxliyə olundu. Çox rahat şəkildə  doğma vətənimizə qayıtdıq.

Elazığ seysmik zonada yerləşsə də,  yaxın tarixlərdə  böyük təbii fəlakət gözlənilmir.

Zəlzələ baş verməsəydi, bu həftə bizim imtahanlarımız olacaqdı. Lakin fəlakətlə əlaqədar imtahanlar təxirə salındı.Ehtimal olunur ki, fevral ayının 17-də , dərs başlayan ərəfədə imtahanlar həyata keçiriləcək”.

Digər bir təhlükə  koronovirus Çində o həddə çatıb ki, bu ölkənin Hubey vilayətinin 13 şəhərində karantin rejimi elan edilib. Koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.

Çinin Uhan şəhərində olan tələbələr isə karantin rejimi ilə əlaqədar ölkəyə qayıda bilmirlər.

AzEdu.az-a danışan Leyla Quliyeva Çinin Uhan şəhərində Huazhong Universitetinin Elektron Hökumət fakültəsində doktorantura təhsili alır.

O, həyat yoldaşı və qızı ilə bərabər ev şəraitində karantin rejimi altındadır.

“Xəstəliyə yoluxmamaq üçün ev şəraitində qalmamız tövsiyə olunub.

Hazırda Çində Yeni il qeyd olunur.Ölkədə belə bir adət var ki, hamı yeni ili öz evində qeyd etməlidir.Uhandan 5000-ə yaxın insan Çinin başqa vilayətlərinə gedib.Bu baxımdan da şəhərdə insan azdır.İnsan azlığını yalnız koronovirusla əlaqələndirmək düzgün deyil.

Yoluxucu xəstəliklə əlaqədar şəhərin giriş-çıxışı bağlanıb.Bütün hava, nəqliyyat və dəmir yol  vasitələrinə qadağa qoyulub.Ona görə də şəhərdə sakitlikdir.

Azərbaycanın Çində olan səfirliyi bizimlə çox operativ şəkildə maraqlanır.Həm mənəvi, həm də maddi baxımdan səfirliyimiz bizə çox kömək edir.Həmçinin, Çin hökuməti, Şəhər Bələdiyyəsi və təhsil aldığım universitet mən və ailəmlə mütəmadi şəkildə maraqlanır.

Ərzaqla bağlı heç bir problem yaşamırıq.Şəhər İcra Hakimiyyətinin Xarici İşlər Şöbəsi bizim ehtiyaclarımızın siyahısını tutur.Bir saat ərzində isə həmin vəsaitləri bizə çatdırırlar.

Çin hökuməti xarici vətəndaşların səfirlikləri vasitəsi ilə şəhəri tərk etməyə icazə verib.Sadəcə bununla əlaqəli rəsmi prosedurlar hələ də davam edir. Bu prosedurlar bitdikdən sonra  ölkəyə qayıda biləcəyik.

Çində olan Azərbaycanlılar mütəmadi olaraq bir-birləri ilə əlaqə saxlayırlar. Tələbələrdən yalnız mən ailəli olduğum üçün ev şəraitində, digərləri isə  kampus şəraitində karantin rejimi altındadır”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları