XƏBƏRLƏR

29.01.2020 11:41
Qış tətili ekskursiyaları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin qış tətilində asudə vaxtlarını səmərəli keçirmələri üçün çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunur.

AzEdu.az xəbər verir ki, məktəb və valideynlərin təşkilatçılığı ilə təşkil olunan ekskursiyalar çərçivəsində məktəblilər Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Azərbaycan Hərb Tarixi, Xalq Təhsili, Milli XalçaMilli İncəsənət muzeylərinə, Şirvanşahlar sarayı, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, görkəmli sənətkarların ev muzeylərinə  və digər yerlərə səfərlər edirlər.

Xatırladaq ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirirlər. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün şərait yaradılır.

Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.