XƏBƏRLƏR

20.01.2020 15:31
Tolstoyun Fransada yaşayan nəvəsi: 20 Yanvar faciəsini dünyaya tanıtmağın yolu…

Tolstoyun Fransada yaşayan nəvəsi: 20 Yanvar faciəsini dünyaya tanıtmağın yolu…

Axı niyə bu işıqlı dünyada, hüdudsuz parlaq səma altında birgə yaşamaq insanların nəfəsini daraldır? Bizi təmənnasız sevən kainata qarşı çıxıb özümüzdən olanları vəhşicəsinə məhv etmək ehtirasımız haradan qaynaqlanır?

Dahi Tolstoyun müharibəyə verdiyi tərifi xatırlayın. Savaş - sağlam insan dərrakəsinə, bütövlükdə hadisələrin təbii gedişatına zidd, olduqca puç, zərərli anlayışdır. Xalqımızın qəhrəmanlıq və müsibətinin vəhdətindən doğan 20 Yanvar bu gün 30 yaşını qeyd edir.

AzEdu.az-ın məlumatına görə, Publika.az vətənimizin susmayan böyük acısını Lev Tolstoy və Konstantin Stanislavskinin nəvəsi, Fransada yaşayan məşhur rejissor Maksim Marduxayevlə birgə yad edib:

"Bu 30 yaşını haqlamış və hələ də dünyanın tanımadığı böyük faciədir. Onlarla, yüzlərlə insanın azadlıq, vətən dediyimiz müqəddəs varlıq uğrunda canını, sağlamlığını itirdiyi qəhrəmanlıq məqamıdır. Çox təəssüf edirəm ki, əsrlər boyu yəhudini, xristianı, ümumiyyətlə, müxtəlif xalqları öz qanadı altında bəsləmiş Azərbaycan adlı tolerant ölkəni dünyada daha da yaxından tanımırlar. Bu məsələdə iki vacib məqam var: birincisi odur ki, Azərbaycan hələ gənc müstəqil ölkədir. Yəni Sovet İttifaqı dağılsa da, bəzi hallarda əcnəbilər düşünür ki, ölkəniz Rusiyanın tərkibindədir. İkincisi isə, Azərbaycanın təbliğatı bir o qədər düzgün aparılmır. İmkan daxilində sevimli azərbaycanlı dostlarımla görüşəndə bəzi məqamları müzakirə edib, təkliflərimi irəli sürürəm. Bəli, Azərbaycan nüfuzlu neft ölkəsidir. Lakin turizm siyasəti axsayır. Avropanı xatırladan müasir tikililərin fotoşəkillərini paylaşaraq, insanların marağını qazanmaq mümkün deyil. Ölkənin təbii gözəlliyini, təbiətini, cəsur insanlarını, koloritini tanıtmaq lazımdır. Bu işdə məmnuniyyətlə yanınızda olmağa, Azərbaycanın dünyaya düzgün şəkildə təqdim olunması yolunda var gücümlə çalışmağa hazıram. Yetər ki, aidiyyəti qurumlar təklifimi və arzumu qəbul etsin. Çünki biz dünyaya demokratik Azərbaycanı, bu ölkənin mənəvi zənginliyini sübut etmədən, faciəsinə, şəhidlərinə üzülməsinə nail ola bilməyəcəyik. Bakı mənim əziz şəhərimdir. Acısı da, sevinci də doğmadır. 20 Yanvar şəhidlərinin ailələrinə, xalqınıza dərin hüznlə başsağlığı verirəm".