Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 15:39:00
BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Öncə BMU-nun rektoru, professor Havar Məmmədov və universitetin professor-müəllim heyəti foyedə şəhidlərin xatirəsinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar.

AzEdu.az xəbər verir ki, anım tədbiri Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra 20 Yanvar faciəsinin tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.

Rektor H.Məmmədov çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O xatırladıb ki, sovet imperiyası rəhbərliyinin Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törədib. Milli azadlıq uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insan silahlı təcavüz nəticəsində qətlə yetirilib. Rektor bildirib ki, sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmayıb, bu yolda şəhidlər verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşub. Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etiraz səsini ucaltdığını, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdiyini diqqətə çatdıran professor, bu hadisələrə əsl hüquqi-siyasi qiymətin verilməsinin məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu nəzərə çatdırıb.

Hazırda Prezident cənab İlham Əliyevin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi siyasətini davam etdirdiyini, bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini deyən H.Məmmədov vurğulayıb ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Sonra BMU-nun Ümumi fənnlər kafedrasının müdiri, dosent Bilal Dədəyev, Memarlıq və inşaat mühəndisliyi fakültəsinin tələbəs Uğur Piriyev çıxış ediblər. Çıxışlarda 20 Yanvar hadisələri ilə bağlı məqamlara, tarixi faktlara toxunulub.

Sonra tələbələrin ifasında 20 Yanvar gecəsi həlak olan körpələrin xatirəsinə həsr edilmiş “Ana harayı” lirik-xoreoqrafik kompozisiya nümayiş olunub.