“Azərbaycan əmək bazarının aktual təhlillərinə əsasən, hazırda ən yüksək gəlir gətirən sahələr arasında neft-qaz mədənçıxarma ixtisası, maliyyə-bank sektoru, informasiya texnologiyaları və özəl tibb sahələri ön sıralarda yer alır. Dövlət Statistika Komitəsinin və işəgötürənlərin 2026-cı il üzrə ən son göstəricilərinə nəzər saldıqda görürük ki, ölkədə ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətlərində, eləcə də informasiya və rabitə sektorunda qeydə alınıb”.
AzEdu.az-a bu sözləri fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib.

İnformasiya texnologiyaları və neft-qaz mühəndisliyi bu gün həm rekord tələbat, həm də 10 min AZN-ə çatan gəlir potensialı ilə seçilən ixtisaslardır:
"Abituriyentlərin maddi rifahı və sürətli karyera yüksəlişi baxımından üstünlük verməli olduqları ən gəlirli ixtisaslar, onların qruplar üzrə bölgüsü və real qazanc potensialı ilə bağlı statistik təhlil aparsaq, düşünürəm ki, daha doğru nəticələr əldə etmək mümkündür.
İlk olaraq I ixtisas qrupunda informasiya texnologiyaları və proqram mühəndisliyi ixtisaslarını xüsusi qeyd etmək lazımdır. Rəqəmsallaşma tendensiyasının sürətlənməsi səbəbindən İT mütəxəssislərinə həm yerli, həm də beynəlxalq əmək bazarında rekord səviyyədə tələbat mövcuddur. Hesab edirəm ki, bu tələb qarşıdakı illərdə daha da artacaq.
Eyni zamanda nəzərə almaq lazımdır ki, bu sahənin məzunları Azərbaycanda yaşayaraq xarici şirkətlərdə məsafədən işləmək imkanına da malikdirlər. Bu istiqamətə proqram mühəndisliyi, kompüter mühəndisliyi, kibertəhlükəsizlik, data analitikası və digər əlaqəli ixtisaslar daxildir.
Ümumilikdə, sıravi proqramçılar ilk iş yerlərində təxminən 1000-1500 AZN aralığında əməkhaqqı almaq imkanına malikdirlər. Təcrübəli mütəxəssislər isə yerli əmək bazarında 3-6 min AZN, xarici şirkətlərdə isə 10 min AZN-dən daha yüksək gəlirlə çalışa bilirlər. Bu əməkhaqqı səviyyəsi həmin ixtisasları seçmək istəyən abituriyentlər üçün kifayət qədər cəlbedicidir.
Daha sonra neft-qaz və geologiya mühəndisliyi ixtisasları gəlir. Burada neft-qaz mühəndisliyi, geologiya mühəndisliyi və sənaye mühəndisliyi aparıcı istiqamətlər hesab olunur.
Bu sahədə nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatının lokomotivi hesab olunan enerji sektoru beynəlxalq standartlara uyğun əməkhaqqı təklif etməklə yanaşı, yüksək gəlirli sahə statusunu hələ də qoruyub saxlayır. Qalıq yanacaqlara tələbat hələ də mövcuddur və mövcud göstəricilər onu deməyə əsas verir ki, onlardan asılılıq qarşıdakı uzun müddət ərzində də davam edəcək.
Bu baxımdan, həmin sahədə qazanc potensialı kifayət qədər yüksəkdir. Sahə mühəndislərinin aylıq stabil gəliri təcrübədən asılı olaraq 4-8 min AZN arasında dəyişir. Daha yüksək əməkhaqqı təklif edən şirkətlər də mövcuddur. Həmin müəssisələrdə aylıq gəlir 10 min AZN-ə qədər çata bilir".
II ixtisas qrupu üzrə ixtisaslara tələbatın azalacağı gözlənilmir, IV ixtisas qrupunda isə xüsusilə dar ixtisaslaşmış cərrahlar daha yüksək gəlir əldə etmək imkanına malikdirlər:
“İkinci qrup ixtisasları sırasında bankçılıq, maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, eləcə də biznesin idarə edilməsi kimi ixtisaslar yer alır. Bunlar kifayət qədər cəlbedici istiqamətlərdir və hesab edirəm ki, bu sahələrdə əməkhaqqı səviyyəsi gənclər üçün hələ də öz cəlbediciliyini qoruyub saxlayır.
Həmçinin düşünmürəm ki, Azərbaycan reallığında yaxın perspektivdə bu sahələrə olan tələbat əhəmiyyətli dərəcədə azalacaq. Bu baxımdan hesab edirəm ki, həmin ixtisaslar bu il də abituriyentlərin ən çox üstünlük verəcəyi seçimlər sırasında yer alacaq.
Dördüncü qrup ixtisaslarına nəzər saldıqda görürük ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və özəl klinikaların sayının durmadan artması tibb sahəsində gəlir potensialını əhəmiyyətli dərəcədə artırıb. Bu qrupda müalicə işi ixtisası xüsusi yer tutur. Xüsusilə rezidentura təhsilini başa vurmuş həkim-mütəxəssislərə əmək bazarında yüksək tələbat mövcuddur. Bununla yanaşı, stomatologiya, əczaçılıq, eləcə də son illərdə ictimai səhiyyə və səhiyyənin idarə edilməsi kimi ixtisaslar da kifayət qədər maraq doğurur.
Qeyd etmək lazımdır ki, dövlət tibb müəssisələrində baza əməkhaqqı nisbətən aşağı olsa da, özəl klinikalarda çalışan həkim-mütəxəssislər, xüsusilə stomatoloqlar və cərrahlar, kifayət qədər yüksək gəlir əldə etmək imkanına malikdirlər. Xüsusilə dar ixtisaslaşmış cərrahlar üçün qazanc potensialı daha yüksəkdir”.
Təcrübəli mütəxəssislər bəzi hallarda başlanğıc əməkhaqqından hətta 4 dəfəyədək artıq gəlir əldə edə bilirlər:
“Ümumilikdə, əmək bazarında ən gəlirli sahələri müqayisə etdikdə görürük ki, burada kifayət qədər yüksək gəlir səviyyələrindən söhbət gedir. Başlanğıc əməkhaqqı İT mütəxəssisləri üçün təxminən 800-1500 AZN, neft-qaz sənayesində 1500-2500 AZN, maliyyə və konsaltinq sahəsində 750-1000 AZN, özəl səhiyyə sektorunda isə 800-1200 AZN arasında dəyişir. Təcrübəli mütəxəssislər isə bu göstəricilərdən qat-qat yüksək, bəzi hallarda hətta 4 dəfəyədək artıq əməkhaqqı əldə edə bilirlər.
Bu baxımdan hesab edirəm ki, gələcək karyerasını planlaşdıran abituriyentlər ixtisas seçərkən təkcə ixtisasın adına deyil, əmək bazarının tələb etdiyi yumşaq və sərt bacarıqlara da investisiya etməli və seçimlərini bu meyarlar əsasında dəyərləndirməlidirlər.
Müasir əmək bazarında artıq belə bir yanaşma formalaşıb ki, bəzən diplom ikinci plana keçir və həlledici amil kimi mütəxəssisin bacarıqları ön plana çıxır. Bu baxımdan hesab edirəm ki, abituriyentlər və onların valideynləri üç əsas qaydaya xüsusi diqqət yetirməlidirlər.
Bunlardan birincisi xarici dil bilikləridir. Xüsusilə ingilis dilini mütəxəssislər mütləq səviyyədə bilməlidirlər. Qeyd etdiyim ixtisaslarda yüksək əməkhaqqı təklif edən iş yerlərinin böyük hissəsi beynəlxalq şirkətlərə və xarici layihələrə aiddir. Bu səbəbdən ingilis dilini mükəmməl bilən İT və maliyyə mütəxəssisləri yerli bazardakı orta əməkhaqqından xeyli yüksək gəlir əldə edə bilirlər.
İkinci vacib məqam isə beynəlxalq sertifikasiyadır. Xüsusilə maliyyə sahəsində təhsil almağı planlaşdıranlar qlobal səviyyədə tanınan peşəkar sertifikatlar əldə etməyi qarşılarına məqsəd qoymalıdırlar. Çünki daha yüksək əməkhaqqı təklif edən vəzifələrə yüksəlməkdə beynəlxalq sertifikatların mühüm rolu var və bu, mütəxəssislərin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır”.
Müasir dövrdə ən yüksək gəlir əldə edənlər məhz iki və ya daha çox sahənin kəsişməsində formalaşan ixtisaslara yiyələnmiş kadrlardır:
“Qeyd etdiyim üç qızıl qaydadan ən vaciblərindən biri multidissiplinar, interdissiplinar və transdissiplinar yanaşmalara üstünlük verilməsidir. Bu sahədə Azərbaycanda ilk akademik tədqiqatı ortaya qoyan mütəxəssis kimi hesab edirəm ki, müasir dövrdə ən yüksək gəlir əldə edənlər məhz iki və ya daha çox sahənin kəsişməsində formalaşan ixtisaslara yiyələnmiş kadrlardır.
Məsələn, həm aqronomiyanı, həm də texnologiyanı bilən bir mütəxəssis - yəni ağıllı kənd təsərrüfatı sahəsində çalışan mütəxəssis - gələcəyin ən perspektivli və yüksək gəlir əldə edən peşə sahiblərindən biri olacaq.
Eyni zamanda, tibb və süni intellekt sahələrinin sintezindən formalaşan ixtisaslar üzrə çalışan mütəxəssislərin də gələcəkdə həm əmək bazarında yüksək tələbat görəcəyini, həm də böyük gəlir əldə etmək imkanına malik olacağını hesab edirəm”.