Türkiyə Böyük Millət Məclisinə təqdim edilən yeni qanun təklifi ilə saxta diplom, məzuniyyət sənədi və sertifikat hazırlayan şəxslərə qarşı daha sərt hüquqi tədbirlər nəzərdə tutulur.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, təklifə əsasən, Türkiyə və ya xarici ali təhsil müəssisələrinin adına saxta diplom və digər rəsmi sənədlər hazırlayan, yaxud bu sənədlərin hazırlanmasına şərait yaradan şəxslər haqqında cinayət işi açıla biləcək.
Bu şəxslərin rəsmi sənəddə saxtakarlıqla bağlı müddəalar əsasında 5 ilə qədər həbs cəzası tələbi ilə mühakimə olunması mümkündür.
Qanun layihəsində həmçinin qanunsuz şəkildə xarici təhsil müəssisələrinin adından ali təhsil proqramları yaradanlara qarşı da cəzaların tətbiqi nəzərdə tutulur. Belə hallarda 4 ilə qədər həbs cəzası gündəmə gəlir.
Yeni tənzimləmənin əsas məqsədi təhsil sənədlərinin saxtalaşdırılmasının qarşısını almaq, diplom və sertifikatların etibarlılığını qorumaqdır. Təklifin qəbul ediləcəyi təqdirdə, saxta sənəd dövriyyəsinə qarşı mübarizədə yeni hüquqi mexanizm yaradılacaq.