XƏBƏRLƏR

10.12.2019 11:40
Qəbələ, İsmayıllı və Qax rayonlarında silsilə təlimlər davam edir

Qəbələ, İsmayıllı və Qax rayonlarında müəllim və mühəndis-pedaqoji heyətin, eləcə də şirkət daxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər keçirilir.

Belə ki, növbəti təlim 2-6 dekabr tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Kombayn və traktorlara baxım və qulluq" mövzusunda xarici ekspert tərəfindən keçirilib.  İştirakçılar tərəfindən əldə edilən nəzəri biliklər təlim üçün gətirilmiş texnikanın üzərində əyani olaraq nümayiş etdirilib.

AzEdu.az-ın məlumatına görə, təlimlərə pilot peşə mərkəzlərinin müəllim və usta heyəti, Əmək və Əhalinin Sosial Məşğuluq Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, eyni zamanda AZZA Agro MMC, Kazımoğlu KFT MMC, Uğur MMC, Gilan Dairy Farms MMC-in müəssisədaxili təlimçiləri və fərdi fermer təsərrüfatlarının nümayəndələri (fermerlər) qatılıblar.

Ümumilikdə 2019-cu il ərzində kənd təsərrüfatına dair aşağıdakı mövzularda təlimlər keçirilib:

4-7 mart "Kombaynların istismarı və təmiri";

29 aprel - 3 may "Traktorların istismarı və təmiri";

1-5 iyun "Kotanların nizamlanması və istifadəsi";

30 sentyabr – 4 oktyabr "Kartof əkininin xüsusi istehsal texnikası".

14-17 oktyabr tarixlərində "Buğdanın becərilməsi üzrə nümayiş sahəsinin yaradılması";

18-22 noyabr “Buğda əkini və Silosluq/Dənlik Qarğıdalının İstehsal Texnologiyası”

25-29 noyabr “Bitkiçilikdə maşın xərclərinin hesablanması və istehsalın iqtisadiyyatı”

Kənd təsərrüfatına dair təlimlər ED VET layihəsi çərçivəsində həyata keçirilib. ED VET layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər PTT yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.