XƏBƏRLƏR

08.11.2019 17:30
Bir xətaya görə müəllimə neçə töhmət verilə bilər? - Cavab

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi olaraq əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularla bağlı yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Hazırda müəllimləri maraqlandıran məqamlardan biri də verilən töhmətlə bağlıdır:

Sual:

Direktor müəllimə birbaşa şiddətli töhmət, yaxud bir xətaya görə töhmətin bir neçə dərəcəsini verə bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir. Məcəlləyə görə, bir intizam xətası səbəbindən müəllimə yalnız bir intizam tənbehi verilə bilər. Bir dəfə törədilən hər hansı intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

Direktor töhmət verməzdən öncə müəllimdən izahat tələb edə, həmçinin ona xəbərdarlıq edə bilər. İzahat verməkdən imtinası müəllimə töhmət verilməsini istisna etmir.

Bununla yanaşı, Məcəlləyə əsasən, müəllim əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, müəssisədaxili intizam qaydalarını pozduqda direktor ona törətdiyi xətadan asılı olaraq intizam tənbehlərindən, töhmət növlərindən  birini verə bilər.

Məcəllədə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətin aşağıdakı növləri qeyd edilib:

-Töhmət vermək;

-Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

-Kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək;

-Əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Qeyd edək ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Xətanın törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu