Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 11:33:00
Xaricdəki tələbələrin ilk dərs günləri barəsində fikirləri: “Çində də bizimki kimidir”  

Artıq iki gündür ki, ölkəmizdə yeni tədris ilinə start verilib. Dərs ilinin başlanğıcı hər bir sahədə öz sözünü deyir. Nəqliyyatdan tutmuş, ictimai-iaşəyədək... Bəs, dünya ölkələrində yeni tədris ili nə zaman başlayır?

Bu sualın cavabını  hazırda xaricdə oxuyan gənc soydaşlarımızdan eşitmək daha maraqlı olar. Görək, onların “15 sentyabrı” nə zamandır?

Çinin Elm və Texnologiya Universitetinin tələbəsi  Cəmil Ağasıyevin sözlərinə görə, təhsil aldığı ölkədə tədris ilinin başlanacağı ilə bağlı konkret tarix bilinmir:

“Azərbaycanda tədris ili sentyabrın 15-i başlayıb, iyunun 14-ü bitir . Amma Çində tədris ilinin başlanacağı ilə bağlı konkret tarix bilinmir. Çində dərslər adətən sentyabrda başlayıb, iyulda bitir. Təhsil aldığım Elm və Texnologiya Universitetində keçən il dərslər oktyabrda başlamışdı. Amma builki tələbələr üçün dərslər avqustda başlayıb. Bu kimi proses isə Çin təhsil sisteminin sevmədiyim tərəfidir. Çünki ildə bir dəfə ölkəyə geri dönmə şansımız olur.

Çinin təhsil sistemində olan fərqlər mənə daha maraqlıdır. Bura ilk gələndə bütün kampusda əsgərlərin olduğunu görüb, səfərbərliyin elan olunduğunu düşünmüşdüm. Hətta "mütləq idi mən gələndə olsun?!" deyə düşünmüşdüm. Əslində isə Çində hərbi xidmət "könüllü" olduğu üçün universitetə daxil olan tələbələr bir neçə həftəlik hərbi hazırlıq dərsləri keçirlər.  

Çinə gəldiyim ilk gündə iqtisadiyyatının sürətlə inkişafı məni təəccübləndirmişdi. Məsələn, bank hesabının açılması və özünüzə məxsus kartın alınması günlərlə davam edən prosesdir. Amma bu proses Çində cəmi 20 dəqiqə çəkmişdi. Universitetin yataqxanasında üztanınma kimi texnoloji yeniliklər də məni təəccübləndirmişdi. 

Çində “Bilik günü”nün qeyd olunması bizdən fərqlənmir. Bütün  tələbə və pedaqoji heyət universitetin zalına toplanıb, müxtəlif çıxışlar edirlər. Onu bildirim ki, bu proses əcnəbi tələbələr üçün daha maraqlı olur”.

 Almaniyanın “Otto von Guericke” Universitetinin tələbəsi Adil Əsgərov isə deyir ki, təhsil aldığı ölkədə “Bilik günü” 7 oktyabrda qeyd edilir:

 “Almaniyada Bilik günü təmtəraqla qeyd olunmur. Ölkədə “Bilik günü” üçün xüsusi tədbirlər də keçirilmir”.

Estoniyanın Tartu Universitetində təhsil alan Nicat Zeynalov vurğulayıb ki, ölkəmizdən fərqli olaraq Estoniyada tədris ili  sentyabrın 2-də başlayır:

 “İlk dərs günümdə həyəcandan daha çox məndə maraq hissi var idi. Digər əcnəbi tələbələrlə birlikdə universitetdə təşkil olunan “Oriyentasiya günü” adlı tədbirdə iştirak etdik.  Tədbirdə bizə universitet, polis və tibbi qurumlar, ümumi şəhər haqqında, məlumat verilirdi. İlk dərsimiz isə sentyabrın 3-ü oldu”.  

İtaliyanın La Sapienza Universitetinin tələbəsi Abdulla Həsənlinin sözlərinə görə, təhsil aldığı ölkədə yeni tədris ilinin başladığı gün qeyd olunmur:

“İtaliya universitetlərində Boloniya sistemi tətbiq olunduğu üçün hər fənnin   başlayacağı tarix ayrıdır. Elə buna görə də İtaliyada yeni tədris ilinin başladığı gün qeyd olunmur”. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları