Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-11 15:35:00
Müsahibədə inteqrasiya təlimli məktəblərlə bağlı veriləcək suallar - Direktor namizədlərin nəzərinə

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi bölgələr üzrə davam edir. Proses avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları ilə başlanıb və avqustun 23-dək davam edib.

Növbəti rayonlar üzrə də müsahibələrin keçirilməsi gözlənilir. Müsahibələrin keçiriləcəyi tarix barədə namizədlərə məlumat veriləcək.

Müsahibə zamanı namizədlərə təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri, təhsil sahəsindəki islahatlar, strateji hədəflər, təhsil müəssisələrinin idarə olunması, məktəb sənədlərinin aparılması, tədrisin təşkili, təhsilin iqtisadi məsələləri, əmək qanunvericiliyi və s. ilə bağlı suallar verilir. Bundan əlavə, onun  dünyagörüşü, məlumatlılıq dərəcəsi, özünü qiymətləndirmə, dinləmə və ünsiyyətqurma bacarıqları yoxlanılır.

AzEdu.az müsahibə prosesində namizədlərə İnteqrasiya təlimli təhsil müəssisələri ilə bağlı verilə biləcək bütün suallara ümumi cavabları təqdim edir:

İnteqrasiya təlimli təhsil müəsisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəsisəsidir.

İnteqrasiya təlimli təhsil müəsisəsində təhsilin təşkili qaydalarına əsasən,  burada sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox ola bilməz.

Kar, kor, görmə qabiliyyəti 40 faizdən az olan uşaqların təhsili sağlam məktəblilərlə birlikdə təşkil edilə bilməz.

İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şagirdlərdə fiziki və ya psixi çatışmazlıqlarına görə təlim üzrə məhdudiyyət barədə əks göstərici yoxdursa, onların qəbuluna etiraz edə bilməz.

İnteqrasiya təlimli təhsil müəssisələrində tədris proqramlarını uğurla mənimsəyənlər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə adekvat təhsil müəssisələrinə köçürülə bilərlər.

Xüsusi təhsil siniflərində şagirdlərin orta sıxlığı 8 - 10 nəfərdir. 8 nəfərdən az şagirdi olan xüsusi təhsil sinifləri komplektləşdirilir. Komplektləşdirilmiş siniflərdə isə şagirdlərin maksimum sayı 14 nəfər olmalıdır.

Sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiya təlimli təhsil müəssisələrinə qəbulu psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir.

Belə məktəblərdə dərslik, dərs vəsaitləri və elmi-metodik vəsaitlərin hazırlanması Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, inteqrasiya tipli təhsil müəssisələrində oxuyanlar yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə təmin olunurlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları