İxtisas seçiminə sayılı günlər qalıb. Bu dövr həm abituriyentlər, həm də valideynlər üçün həyəcanlı və məsuliyyətli mərhələ hesab olunur. Məhz bu mərhələdə fərqli gözləntilər və baxışlar bəzən qərarvermə prosesini çətinləşdirə bilir. Bəzi hallarda valideynlər övladlarının seçimlərinə dəstək versələr də, bəzi ailələrdə ixtisas seçimi ilə bağlı fikir ayrılıqları yaşanır.
Bu mövzunu araşdırmaq məqsədilə AzEdu.az Təhsil Portalı ixtisas seçimi üzrə mütəxəssislər arasında sorğu keçirərək valideynlərin qərarvermə prosesindəki rolunu və bunun abituriyentlərin seçimlərinə təsirini öyrənib.
Maraqlıdır, bu gün valideynlər övladlarının seçimlərinə nə dərəcədə söz haqqı tanıyırlar? Gənclər gələcək peşələrini müəyyənləşdirərkən daha çox hansı amilləri əsas götürürlər: əmək bazarının tələblərini, şəxsi maraq və bacarıqlarını, yoxsa ailələrinin tövsiyələrini?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, son dövrlərdə bəzi abituriyentlərin, konkret olaraq valideynin büdcəsini nəzərə almadan qərarlar verməsinə, dövlət universitetlərində pulsuz oxuya biləcəyi halda ödənişli təhsilə üstünlük verməsini müşahidə edirik:

“Ümumiyyətlə, ixtisas seçimi prosesi elə bir mərhələdir ki, onu gözləntilərin finalı, yaxud kulminasiya nöqtəsi adlandırmaq olar. Bu dövr artıq həlledici məqamdır. Həm valideynlər, həm də abituriyentlər bu mərhələdə olduqca həyəcanlı və stresli olurlar. Bu, tamamilə başadüşüləndir və anlayışla qarşılanmalıdır.
Əlbəttə, bu prosesdə valideynlərin qərarları hələ də mühüm rol oynayır. Lakin son dövrlərdə bəzi abituriyentlərin valideynlərinin maddi imkanlarını nəzərə almadan qərarlar verməsinə səbəb ola biləcək fikirlərlə çıxış etdiyini, dövlət universitetlərində ödənişsiz təhsil almaq imkanı olduğu halda ödənişli təhsilə üstünlük verdiyini müşahidə edirik. Düşünürəm ki, bir il sonra valideyn təhsil haqqını ödəyə bilmədiyi üçün uşağın təhsilini yarımçıq qoymaması, təhsildən imtina etməməsi və ya universitetdən xaric olunmaması üçün bütün bu məqamlara diqqətlə yanaşmaq lazımdır. Belə hallara mütləq diqqət yetirilməlidir.
Ümumilikdə hesab edirəm ki, həm valideynlər, həm də abituriyentlər əmək bazarının tələblərinə uyğun ixtisaslara yönəlməlidirlər. Çünki bəzi valideynlər hələ də övladlarının gələcəyinə əmək bazarının ehtiyacları prizmasından deyil, daha çox müqayisə və ya özlərini cəmiyyətə təqdim etmək baxımından yanaşırlar. Məsələn, öz aralarında “Filankəsin övladı filan ixtisasa qəbul olub, mütləq mənim övladım da həmin ixtisasda oxumalıdır” kimi söhbətlər edirlər. Məncə, bu, artıq köhnəlmiş və qeyri-ciddi yanaşmadır. Qərarvermə prosesində belə düşüncə əsas rol oynamamalıdır".
Aqrar sahələr üzrə təhsil almağın vacibliyini deyəndə valideyn kənara çəkilir və “Kənd təsərrüfatı hara, biz hara?” yanaşması sərgiləyir:
“Digər tərəfdən, vacib məqam odur ki, hamının üz tutduğu istiqamətə düşünmədən yönəlmək doğru deyil. Son illərdə demək olar ki, hər kəs İT sahəsində təhsil almağa çalışır. Halbuki bir müddət sonra əmək bazarında informasiya texnologiyaları üzrə təhsil alıb iş tapa bilməyən kifayət qədər insan görə bilərik.
Bu baxımdan, kompüter elmləri, avtomatika, logistika, sənaye texnologiyaları və mühəndislik kimi istiqamətlərə üstünlük vermək daha məqsədəuyğundur. Eyni zamanda iqtisadi ixtisaslar, xüsusilə maliyyə sahəsi də perspektivli istiqamətlər sırasındadır.
Hazırda ölkədə kənd təsərrüfatı sahəsində mütəxəssis çatışmazlığı müşahidə olunur və yaxın illərdə aqrar sahə üzrə peşəkar kadrlara ciddi ehtiyac yaranacaq. Buna görə də bu istiqamətdə təhsil almaq vacibdir. Amma aqrar sahələr üzrə təhsilin əhəmiyyətini vurğulayanda bəzi valideynlər dərhal “Kənd təsərrüfatı hara, biz hara?” yanaşmasını sərgiləyirlər. Halbuki əmək bazarının tələbatına uyğun ixtisas seçərkən təkcə bu günü deyil, 10-15 il sonranı da nəzərə almaq lazımdır.
Yekun olaraq bildirmək istəyirəm ki, valideynlər və abituriyentlər bu dövrdə xüsusilə diqqətli olmalıdırlar. Mütləq mütəxəssis rəyi almaq faydalıdır. Bu, təsadüfi və tələsik qərar veriləcək bir proses deyil. Çünki sonradan bunun nəticələrini yenə də özləri yaşayırlar. İstəmədiyi ixtisasa qəbul olmaq, sonradan həmin ixtisası dəyişmək məcburiyyətində qalmaq və ya əlavə təhsil alaraq başqa istiqamətə yönəlmək kimi hallarla tez-tez rastlaşırıq. Bütün bunların qarşısını almaq üçün seçim prosesinə məsuliyyətlə yanaşmaq və mütəxəssis rəyi almaq vacibdir. “Hara olur-olsun, təki ali məktəbə qəbul olum, diplomum olsun” düşüncəsi ilə ixtisas seçmək isə doğru yanaşma deyil".
Təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bəzi hallarda abituriyentlərin verdiyi qərarlar valideynlər tərəfindən tamamilə dəyişdirilir:

“Artıq qəbul prosesinin kulminasiya nöqtəsinin ixtisas seçimi olduğunu demək olar. Bu mərhələdə abituriyentlərin son dərəcə diqqətli olması vacibdir. Onlar həm dövlət tərəfindən ayrılan plan yerlərini təhlil etməli, həm də bu göstəriciləri əvvəlki illərin plan yerləri ilə müqayisə etməlidirlər. Bununla yanaşı, dövlət sifarişli plan yerlərinə də xüsusi diqqət yetirilməlidir. Dövlət sifarişli ixtisasları seçmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) statistik məlumatlarını da mütləq təhlil etməlidirlər. Yalnız bu məlumatlar əsasında ümumi analiz aparıldıqdan sonra seçim prosesi həyata keçirilməlidir. Müxtəlif istiqamətlər üzrə təhlillər aparıb, yalnız bundan sonra yekun qərar vermək lazımdır. Sadəcə ötən ilin keçid ballarına əsaslanaraq seçim etmək düzgün deyil. Çünki keçid ballarının bu il də eyni qalacağına zəmanət yoxdur. Ballar hər bir ixtisas üzrə müəyyən dəyişikliklərə məruz qala bilər.
Abituriyentlərin ixtisas seçimində valideyn təzyiqinə gəlincə, bunu dəfələrlə müşahidə etmişəm. Bəzi hallarda abituriyentin verdiyi qərarlar valideyn tərəfindən tamamilə dəyişdirilir. Belə vəziyyətlərdə bəzən valideynin, bəzən isə abituriyentin haqlı olduğunu görürük. Məsələn, abituriyent yüksək bal toplayaraq daha prestijli hesab olunan ixtisasa qəbul ola bilər. Hətta belə bir hadisə ilə də qarşılaşmışam. Abituriyent hüquq fakültəsinə qəbul olmaq üçün kifayət qədər yüksək bal toplayıb və rahatlıqla hüquq və ya dövlət və ictimai münasibətlər ixtisaslarını seçə bilər. Valideyn də məhz buna görə onun həmin prestijli ixtisasları seçməsini təkid edir. Amma abituriyent jurnalist olmaq istədiyini və bu sahədə potensialının olduğunu düşünür. Bu zaman valideynin ciddi təzyiqini gördüm və ona izah etdim ki, uşağın həvəssiz olduğu bir sahəyə yönləndirilməsi düzgün deyil. Siz onun həmin ixtisasda perspektivli olacağını düşünsəniz də, əslində həvəs göstərdiyi sahənin qarşısını almış olursunuz. Buna görə də hesab edirəm ki, valideynlər övladlarının arzu və istəklərinin önünə keçməməlidirlər".
Bu gün hətta baytarlıq ixtisasını bitirən biri peşəkar mütəxəssis olarsa, cəmiyyətdə öz yerini tuta və əmək bazarında uğur qazana bilər:
“Bununla belə, bəzi hallarda valideyn də haqlı olur. Valideyn hansı məqamda haqlıdır? Məsələn, övladının seçdiyi ixtisasda uğur qazana bilməyəcəyini əvvəlcədən görə bilir. Mən bununla da qarşılaşmışam. Abituriyent hüquq fakültəsinə qəbul olmaq istəyirdi. Valideyn isə onun hüquq sahəsində uğurlu ola bilməyəcəyini deyirdi. Səbəb kimi də qızının çox sakit təbiətli olduğunu göstərirdi. Diqqət yetirəndə görürsən ki, valideynin müəyyən qədər haqlı tərəfləri var. Hüquq sahəsində çalışan insanlar aktiv, təşəbbüskar olmalı, müxtəlif məsələlərə müdaxilə etməyi bacarmalıdırlar. Adından da göründüyü kimi, hüquqşünas yalnız öz hüquqlarını deyil, başqalarının da hüquqlarını müdafiə etməlidir. Əgər bunu bacarmayacaqsa, həmin sahədə uğur qazanması çətin olacaq.
Mən də həmin məsələdə bir qədər tərəddüd etdim. Valideyn israrla övladının xarakterini izah edirdi. Uşaq həqiqətən o qədər sakit danışırdı ki, səsini belə çətinliklə eşitmək olurdu. Valideyn əsaslandırırdı ki, belə sakit xarakterlə hüquq sahəsində uğur qazanması çətin olacaq, amma müəllim olarsa, ən azından həmin peşədə fəaliyyət göstərə və özünü təmin edə bilər. Baxırsan ki, burada valideynin də müəyyən qədər haqlı olduğu məqamlar var. Bu cür ziddiyyətli vəziyyətlərlə tez-tez qarşılaşdığım üçün bəzən hansı tərəfi dəstəkləmək barədə özüm də tərəddüd edirəm. Belə hallarda hər iki tərəfin arqumentlərini nəzərə almağa çalışırsan.
Amma ümumilikdə hesab edirəm ki, abituriyentlər dövrün tələblərinə uyğun ixtisasları seçməyə çalışmalı, perspektivi zəif olan sahələrdən isə uzaq durmalıdırlar. Bəzi hallarda topladıqları bala uyğun seçim etmək məcburiyyətində qalsalar belə, oxuduqları sahənin ən peşəkar mütəxəssisi olmağa çalışmalıdırlar. Bu gün hətta baytarlıq ixtisasını bitirən biri peşəkar baytar olarsa, cəmiyyətdə öz mövqeyini qazana və əmək bazarında rahatlıqla dolanışığını təmin edə bilər. Ona görə də hansı ixtisası seçməyinizdən asılı olmayaraq, əsas məqsəd həmin sahənin ən yaxşı mütəxəssisi olmaqdır".
Elm və təhsil eksperti Səbuhi Abdullayevin fikrincə isə valideynlər tərəfindən abituriyentlərə ixtisas seçimi zamanı edilən təzyiqlər əvvəlki illərlə müqayisədə kəskin şəkildə azalıb:
"Eyni zamanda onların abituriyentlərə yanaşma formatı da kifayət qədər dəyişib. Valideynlər artıq işlərini daha çox məsləhət, məşvərət və tövsiyə istiqamətində aparır, ortaq qərar verməyə çalışırlar.
Buna baxmayaraq, təbii ki, indi də bəzi valideynlər tərəfindən abituriyentlərə müəyyən təzyiqlərin olunması müşahidə edilir və belə hallarla qarşılaşılır. Bunun bir çox səbəbləri var. Səbəblərdən biri odur ki, valideynin daha çox təcrübəsinin olması, gələcəyi bəzən daha öncədən görməsi onu perspektivli ixtisasların seçilməsində maraqlı edir. Eyni zamanda elə valideynlər də var ki, övladlarının öz sənətlərini davam etdirməsini istəyir və onları bu istiqamətə yönəldirlər.
Bəzən də elə olur ki, valideyn maddi imkanlarını nəzərə alaraq övladının evinə yaxın yerdə təhsil almasını, beləliklə də xərclərin və tələblərin daha az çıxacağı variantları seçməyə üstünlük verir. Belə olduqda isə abituriyentlərlə aralarında müəyyən gərginliklər və anlaşılmazlıqlar yaranır. Lakin ümumilikdə götürdükdə, əvvəlki illərlə müqayisədə bu yanaşma formatının kifayət qədər dəyişdiyi görünməkdədir".
Təhsil eksperti Vüsət Əzizov qeyd edib ki, bəzi valideynlər övladlarının maraq və bacarıqlarını ikinci plana keçirərək öz reallaşmamış arzularını onların üzərində həyata keçirməyə çalışırlar:

"İxtisas seçimi abituriyentin gələcək peşə həyatını müəyyən edən ən vacib qərarlardan biridir. Təəssüf ki, bu mərhələdə ən çox rast gəldiyimiz problemlərdən biri valideyn təzyiqidir. Təcrübələrimə görə deyə bilərəm ki,bəzi valideynlər övladlarının maraq və bacarıqlarını ikinci plana keçirərək öz reallaşmamış arzularını onların üzərində həyata keçirməyə çalışırlar. “Həkim olmalısan”, “Müəllimlik oxuma”, “Bu ixtisasın gələcəyi yoxdur” kimi yanaşmalarla tez-tez rastlaşıram.
Bəli, çox təəssüf ki, bu gün də övladına seçim haqqı verməyən valideynlər var. Xüsusilə yüksək bal toplayan abituriyentlərdə bu vəziyyət daha çox müşahidə olunur. Valideyn hesab edir ki, yüksək bal mütləq cəmiyyət tərəfindən daha prestijli hesab edilən ixtisaslara yönəldilməlidir. Halbuki yüksək bal sadəcə bir göstəricidir,uğurlu karyeranı müəyyən edən əsas amillər isə insanın marağı, bacarığı və həmin sahədə davamlı inkişaf etməsidir. Müşahidələr göstərir ki, indiki gənclər əvvəlki nəsillərlə müqayisədə öz gələcəklərini daha şüurlu planlaşdırmağa çalışırlar. Onlar ixtisas seçərkən təkcə balı deyil, gələcək karyera imkanlarını, beynəlxalq perspektivləri, əmək bazarının tələblərini və şəxsi maraqlarını da araşdırırlar. Bununla yanaşı, sosial şəbəkələrin təsiri ilə bəzən müəyyən peşələrə qarşı süni maraq da formalaşır. Buna görə də seçim yalnız trendə və ya populyarlığa əsaslanmamalıdır".
Valideynlərin fikrini dinləmək vacibdir, lakin həyatlarını formalaşdıracaq qərarı öz potensiallarını və məqsədlərini nəzərə alaraq verməlidirlər:
"Hesab edirəm ki, düzgün ixtisas seçimi üç əsas amilin kəsişməsində olmalıdır. Abituriyentin marağı, bacarığı və əmək bazarının real tələbi. Bu üç amildən hər hansı biri nəzərə alınmadıqda gələcəkdə peşə narazılığı və ya iş tapmaqda çətinliklər yarana bilər.
Valideynlərə tövsiyəm odur ki, övladlarının həyatını onların yerinə planlaşdırmağa çalışmasınlar. Onların vəzifəsi istiqamət göstərmək, məlumatlandırmaq və dəstək olmaqdır. Son qərar isə həmin peşə ilə uzun illər çalışacaq gəncə məxsus olmalıdır. Məcburiyyətlə seçilən ixtisas çox vaxt uğursuz karyera və peşə məmnuniyyətsizliyi ilə nəticələnir.
Abituriyentlərə isə tövsiyəm budur ki, qərar verərkən emosiyalarla deyil, araşdırmalarla hərəkət etsinlər. Seçmək istədikləri ixtisasın tədris proqramını, gələcək iş imkanlarını, əmək bazarındakı vəziyyətini və öz bacarıqlarını obyektiv qiymətləndirsinlər. Valideynlərin fikrini dinləmək vacibdir, lakin həyatlarını formalaşdıracaq qərarı öz potensiallarını və məqsədlərini nəzərə alaraq verməlidirlər.
Ən əsası isə hər kəs anlamalıdır ki, ixtisas seçimi həyatın son nöqtəsi deyil. Müasir dövrdə insan ömrü boyu yeni bacarıqlar qazanır, ixtisasını inkişaf etdirir və bəzən peşəsini də dəyişir. Buna görə də əsas məqsəd sadəcə universitetə qəbul olmaq deyil, sevdiyi sahədə peşəkar və faydalı bir mütəxəssis yetişməkdir".