Azedu.az

Bahalı kurs olmadan yüksək nəticə - Region şagirdlərinin UĞUR SİRRİ

AzEdu Təhsil Platforması

4 Sentyabr 2026, 16:15
Bahalı kurs olmadan yüksək nəticə - Region şagirdlərinin UĞUR SİRRİ

Azərbaycanda hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin siyahısında region məktəblərinin şagirdlərinə daha çox rast gəlirik.

Bu isə cəmiyyətdə belə bir sual doğurur: Ən yaxşı repetitorlar və hazırlıq kursları, eləcə də daha yaxşı təhsil şəraiti paytaxtda mövcud olduğu halda, niyə yüksək nəticələri əsasən region məktəbliləri əldə edir?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb. 

Şagirdlər dilə yalnız “imtahan predmeti” kimi yanaşmamalıdırlar  - Günay Əkbərova

O, qeyd edib ki, yüksək nəticə göstərən region şagirdlərinin bir çoxunda çox güclü məqsəd və motivasiya görürük:

"Burada məsələni yalnız repetitor və hazırlıq kurslarının sayı ilə izah etmək düzgün olmazdı. Son illərdə regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərin nəticələri artıq qəbul göstəricilərində də özünü göstərir. Məktəblərin maddi-texniki imkanlarının yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafına daha çox diqqət ayrılması, sertifikatlaşdırma prosesi, müxtəlif layihə və təlimlər, eləcə də rəqəmsal təhsil resurslarına çıxış regionla paytaxt arasındakı fərqi əvvəlki illərlə müqayisədə xeyli azaldıb.

Digər tərəfdən, yüksək nəticə göstərən region şagirdlərinin bir çoxunda çox güclü məqsəd və motivasiya görürük. Onlar ali məktəbə qəbul olmağı təkcə növbəti təhsil pilləsi deyil, gələcəkləri üçün böyük bir imkan kimi qəbul edirlər. Məktəb, müəllim və valideyn də çox vaxt bu məqsəd ətrafında birlikdə çalışır. Məncə, bu birlik çox önəmli faktordur.

Bir məqamı da unutmayaq: yaxşı nəticə mütləq bahalı kurs və ya məşhur repetitor demək deyil. Güclü müəllim, sistemli məktəb təhsili, düzgün istiqamətləndirmə və şagirdin şəxsi zəhməti bəzən daha böyük nəticə verir.

Regionlardan yüksək bal toplayan şagirdlərin sayının artması mənim üçün sevindirici göstəricidir. Bu, həm həmin məktəblərdə çalışan müəllimlərin əməyinin, həm də təhsil imkanlarının ölkə üzrə daha əlçatan olması istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirilə bilər. Əsas məqsəd də elə bu olmalıdır: şagird harada yaşamasından asılı olmayaraq, keyfiyyətli təhsil və uğur qazanmaq üçün bərabər imkan əldə etsin".

Əxlaqsızlıq, söyüş, zorakılıq - Cəmiyyət hara gedir?
Son xəbərlərDaha çox