Bu gün - 5 sentyabr Hindistanda Müəllimlər Günü qeyd olunur.
Müəllimlər Günü hər il sentyabrın 5-də Hindistanın tanınmış filosofu, alim və ölkənin ikinci prezidenti olmuş Sarvepalli Radhakrishnanın doğum günü münasibətilə qeyd edilir.
Bu ənənənin əsası 1962-ci ildə qoyulub. Radhakrishnanın tələbələri və tərəfdarları onun doğum gününü qeyd etmək istəsələr də, o, günün şəxsi yubiley kimi deyil, müəllimlərin əməyinə həsr olunmasını təklif edib. Bundan sonra 5 sentyabr Hindistanda Müəllimlər Günü kimi qeyd olunmağa başlayıb.
Bu gün ölkənin məktəb və ali təhsil müəssisələrində müəllimlərə həsr olunan müxtəlif tədbirlər keçirilir. Şagirdlər müəllimlərini təbrik edir, onlara təşəkkürlərini bildirir, mədəni proqramlar və müxtəlif tədbirlər təşkil edirlər. Bəzi məktəblərdə isə yuxarı sinif şagirdləri müəllimlərin rolunu üzərinə götürərək dərslər keçirirlər.
Qeyd edək ki, Hindistanda Müəllimlər Günü sentyabrın 5-də, Ümumdünya Müəllimlər Günü isə hər il oktyabrın 5-də qeyd olunur.