Azedu.az

Övladınızı başqaları ilə müqayisə etməyin - Psixoloqdan SƏRT XƏBƏRDARLIQ

İmtahanlar və qəbul məsələləri

14 Avqust 2026, 15:24
Övladınızı başqaları ilə müqayisə etməyin - Psixoloqdan SƏRT XƏBƏRDARLIQ

Hazırda ixtisas seçimi prosesi davam edir. Bu mərhələ abituriyentlər üçün yalnız gələcək təhsil seçimi deyil, həm də ciddi psixoloji sınaqdır. İstədiyi nəticəni əldə edə bilməyən gəncin bu vəziyyəti necə qəbul etməsi və belə məqamda valideynin davranışı xüsusi əhəmiyyət daşıyır.

AzEdu.az-a mövzu ilə bağlı danışan psixoloq Vəfa Rəşidova bildirib ki, ixtisas seçimi gənclərin gələcəyi ilə bağlı məsuliyyətli və həssas prosesdir.

Onun sözlərinə görə, bu mərhələdə abituriyent həm ailədən, həm də psixoloji baxımdan dəstək almalıdır.

“Ümumiyyətlə, bu proses çox böyük və məsuliyyətli prosesdir. Gəncin gözündə bu proses onun gələcəyi və özünün önünü görməsi üçün çətin, incə bir yoldur. Belə hallarda yeniyetmələr xüsusi dəstək almalıdırlar. Həm psixoloji, həm də ailədən.

Psixoloji dəstəyin vacib olmasının səbəbi odur ki, bu, onlar üçün çox məsuliyyətli və çətin prosesdir. Onları neytral bir psixoloq, neytral insan dinləyir və hər tərəfdən baxaraq onları anlayır. Buna görə də onlar daha rahat, stressdən uzaq olurlar və təbii ki, gözəl nəticə toplayırlar”.

Psixoloq qeyd edib ki, bəzi valideynlərin övladlarını digər uşaqlarla müqayisə etməsi abituriyentin stressini daha da artırır:

“Bəzi hallarda valideynlər bir az müqayisələr də edirlər. Başqa ailənin, qohumun uşağı ilə müqayisə etdiklərinə görə onların stresi çoxalır və bu proses daha çətin olur. Nəticə əldə etməmək isə, təbii ki, əvvəldən bu yola çıxarkən proqramla, planlı şəkildə hərəkət etməyi tələb edir.

Bu proses hər zaman nəticə vermir. Son illərdə insanlarda stress, gərginlik və narahatlıq olduğuna görə bu, kompleks şəkildə işlənməlidir. Yəni tək valideynin üzərinə düşəndə valideyn də yorulur, narahat olur, stresli və gərgin olur. Valideynin stresi və gərginliyi isə uşağa, abituriyentə də yansıyır.

Ona görə bu proses multidissiplinar formada - ailə, psixoloq və abituriyent birlikdə çalışanda daha yaxşı nəticə verir”.

Rəşidova vurğulayıb ki, nəticəsi gözlənilən kimi olmayan gəncə ilk növbədə dəstək göstərilməli, onun dinlənilməsi və başa düşülməsi təmin edilməlidir:

“Belə hallarda uşağı dinləmək, anlamaq, yanında olmaq və “universitetə görə, hansısa bala görə səni sevmirik” mesajını ötürməmək lazımdır. Əks halda onlarda özgüvən əksikliyi prosesi də baş verir.

Əgər nəticə xoş olmazsa, “yaxşı, yaşıdlarım məndən önə keçdi, mən bacarmadım, məndə alınmadı, mən istedadsızam, mən bacarıqsızam” kimi düşüncələr təbii və normal haldır. Təbii ki, ağlamaq, stress, narahatlıqlar da özünü göstərir. Bu vəziyyət üçün bir gəncin bunları yaşaması təbii hala çevrilib. Çünki uğursuzluq yaşanır”.

Valideynlər övladlarını digər abituriyentlərlə müqayisə etməməli və universitetə qəbulun qarşılığında müxtəlif şərtlər irəli sürməməlidirlər:

“Ən önəmli məqam budur ki, valideyn diqqətli olmalıdır və gənci heç bir şəkildə müqayisə etməməlidir. Onun qarşısına yollar qoyulmamalıdır: “Bu olmasa, bunu edəcəyəm, bu olsa, bunu edəcəyəm”, yaxud “sən universitetə girsən, sənə maşın alacağam, telefon alacağam” kimi şərtlər qoyulmamalıdır.

Belə şərtlər qoyulanda uşaq elə başa düşür ki, uğursuz olsa, o qoyulan şərti də əldə edə bilməyəcək və daha da uğursuz olacaq. Ona görə, əgər hədiyyə etmək istəyirsinizsə, əziz valideynlərə mesaj göndərmək istəyirəm ki, bunu öncədən deməyin. Qoyun nəticəni əldə etsin, ondan sonra siz bunu edin. Yoxsa siz daha çox gərginlik və narahatlığı artırırsınız”.

Valideynlər övladlarına yalnız bir seçim üzərində köklənməməyi, alternativ yolların da mövcud olduğunu əvvəlcədən izah etməlidirlər:

“Valideynlər də, təbii ki, uşaqlar uğursuzluq yaşayıbsa, bilməlidirlər ki, yolun sonu deyil, dünyanın sonu deyil. Başqa seçimlər də var, alternativlər var. Ümumiyyətlə, valideynlər hələ əvvəldən alternativləri uşaqlara təbliğ etməlidirlər. Əgər A variantı olmursa, B variantı, B variantı olmursa, C variantı, yəni həmişə alternativ variantlar axtarmaqda uşaqlara yardımçı olmalıdırlar.

Bunu necə edirlər? Təbii ki, bu da ünsiyyətlə bağlı bir şeydir. Valideynlə uşağın arasında olan bağlılıqla, vaxt və zaman keçirməklə bağlıdır. Belə hallarda uşaq daha məlumatlı olur və hər hansı bir uğursuzluq yaşayanda da alternativ variantların olmasına əmin olur. Daha çox stressdən və narahatlıqdan, demək olar ki, uzaq olur və bunu yaşamır”.

Fidan Şahkərəmova

Lavrovdan ŞOK ÇIXIŞ - Özünü rüsvay etdi -
Son xəbərlərDaha çox