Azedu.az

Universitetlər subbakalavrlardan üz döndərir? - “Onların sayı kəskin şəkildə azalacaq”

İmtahanlar və qəbul məsələləri

28 Avqust 2026, 14:41
Universitetlər subbakalavrlardan üz döndərir? - “Onların sayı kəskin şəkildə azalacaq”

Hər il subbakalavrların ali məktəbə qəbul şansı bir qədər azalır. Bu il isə onların imkanları daha da məhdudlaşdı.

Hətta 3-cü ixtisas qrupunda heç bir subbakalavr ali məktəbə qəbul ola bilmədi. Təbii ki, bu vəziyyət onların ciddi narazılığına səbəb olub.

Maraqlıdır, növbəti illərdə subbakalavrların ali təhsil alması üçün hər hansı yeni addımın atılması gözlənilirmi? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, abituriyentlər ixtisasları daha rahat mənimsəyir, imtahanlarda daha yüksek bal toplayırlar və universitetlər onların gələcək perspektivini daha aydın görür:

168424

"Nəzərə almaq lazımdır ki, III və IV ixtisas qruplarında subbakalavrların ali təhsil müəssisələrinə qəbul imkanları kifayət qədər məhduddur. Bunun da əsas səbəbi həmin qruplarda imtahan verən abituriyentlərin sayının çoxluğu və topladıqları balların nisbətən yüksək olmasıdır. Digər ixtisas qruplarında isə mövcud saylar azalsa da, subbakalavrlar üçün qəbul imkanları hələ də yaranır.

Bu meyl təkcə Dövlət İmtahan Mərkəzinin yanaşmasından deyil, həm də ali təhsil müəssisələrinin rəhbərləri tərəfindən qəbul edilən qərarlardan asılıdır. Ali məktəblər subbakalavrlardan daha çox abituriyentlərin qəbulunda maraqlıdırlar. Çünki abituriyentlər ixtisasları daha rahat mənimsəyir, imtahanlarda daha yüksek bal toplayırlar və universitetlər onların gələcək perspektivini daha aydın görür.

Bununla yanaşı, subbakalavrların da haqlı narazılıqları var. Təhsil müddətində kifayət qədər öz biliklərini artıran, ixtisasın sirrlərinə yiyələnən və ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG) yüksək olan subbakalavrlar az deyil. Təbiidir ki, subbakalavr qəbulu göstəriciləri birbaşa ali təhsil müəssisələrinin qəbul siyasəti ilə bağlıdır. Əgər bu meyl gələcəkdə də eyni formada davam edərsə, subbakalavr pilləsində təhsil almaq istəyənlərin sayı kəskin şəkildə azalacaq.

Ortaya belə bir sual çıxır: Subbakalavr təhsil pilləsi bizə bu formada lazımdırmı, yoxsa həmin tələbələrin peşə məktəblərinə yönəldilməsi daha məqsədəuyğundur? Elm və Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirməli, əmək bazarının tələbatına uyğun olaraq 9 illik bazadan təhsilini davam etdirənlər və abituriyentlər üçün ixtisas seçimini daha dəqiq müəyyənləşdirməlidir".

Ukraynadan Rusiyaya ağır zərbə - Strateji yer partladıldı
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox